Yaxın Şərqdəki gərginlik və ABŞ-İran münasibətlərindəki qeyri-müəyyənlik davam edir. İranın mövqeyi hələ də dəyişkən qalır, Tramp isə qarşıdurmanın yaxın zamanda həll olunacağına inandığını bildirib. Bununla yanaşı, ABŞ administrasiyasının hansı addımları atacağı barədə məlumat verməməsi regionda strateji təhlilləri çətinləşdirir və müxtəlif ehtimalları ortaya çıxarır. Bu vəziyyət həm siyasi, həm də hərbi balansın dəyişə biləcəyinə dair ciddi suallar yaradır.
Politoloq Elçin Xalidbəyli Editor.az-a açıqlamasında bildirib ki, Yaxın Şərqdə münaqişənin gələcək istiqaməti əsasən tərəflərin mövqeyindən asılıdır:

“Qarşı tərəflər – ABŞ-İsrail tandemi və İran – hələlik qarşılıqlı güzəştlərə hazır deyillər. Amerika Birləşmiş Ştatları öz şərtlərində israrlı qalır və əlavə tələblər irəli sürmək imkanını saxlayır. İran isə yeni situasiyada artıq öz şərtlərini müəyyən etməyə çalışır. Savaş başlamazdan öncə ABŞ tələbləri münaqişənin başlanıb-başlamayacağını müəyyən edirdisə, indi İran savaşın dayandırılması üçün konkret şərtlər irəli sürür. Yeni vəziyyətdə ABŞ İrana hərbi müdaxilə etməyəcəyinə təminat verməlidir ki, İran savaşın dayandırılmasına razılıq versin. Əks halda, münaqişə davam edə bilər”.
Ekspert əlavə edib ki, İran Hörmüz boğazını təzyiq mexanizmi kimi istifadə edir, çünki dünya bazarlarına çıxarılan neftin təxminən beşdə biri bu marşrutdan keçir:
“ABŞ isə Hörmüz boğazında təhlükəsiz keçidi təmin etmək üçün NATO müttəfiqlərindən dəstək almaqda çətinlik çəkir, bir çox dövlətlər isə yardım göstərməkdən imtina edir.
Beləliklə, situasiya ciddi şəkildə mürəkkəbləşib və anlaşma ehtimalı azalıb. Hər iki tərəf öz tələblərindən geri çəkilmir, ABŞ administrasiyası isə böyük maliyyə vəsaiti tələb edən bu münaqişə səbəbilə daxili təzyiqlərlə üzləşir. Bu da Tramp administrasiyasının regiondakı gərginliyi idarə etməkdə daha mürəkkəb vəziyyətlə qarşılaşdığını göstərir”.
//Gülnarə Abasova, Editor.az

