Yaxın Şərqdə yeni eskalasiya riski: Kimlər müharibəyə cəlb oluna bilər?backend

Yaxın Şərqdə yeni eskalasiya riski: Kimlər müharibəyə cəlb oluna bilər?

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Yaxın Şərqdə artan gərginlik fonunda Fars körfəzi ölkələrinin mümkün hərbi rolu yenidən müzakirə predmetinə çevrilib. Ekspertlər hesab edir ki, regionda baş verən proseslər hələlik birbaşa genişmiqyaslı müharibə ssenarisindən uzaq olsa da, müəyyən şərtlər daxilində risklər arta bilər.

Beynəlxalq məsələlər üzrə siyasi şərhçi Əziz Əlibəyli bildirib ki, mövcud vəziyyəti müəyyən mənada dövlətlərin ekzistensial təhlükə anlarında davranış modeli kimi qiymətləndirmək olar:

“İran təsir dairəsini genişləndirməyə çalışaraq daha çox aktoru prosesə cəlb etməklə çıxışı çətin olan mürəkkəb vəziyyət formalaşdırmağa yönəlir. Bu isə müxtəlif istiqamətlər üzrə paralel təsir mexanizmlərinin işə salınmasını zəruri edir. Bu çərçivədə yalnız ərəb ölkələri deyil, digər regionlar, o cümlədən Xəzər və Qafqaz istiqamətləri üzrə alternativ gərginlik ehtimallarına dair məlumatlar da mövcuddur.

Səudiyyə Ərəbistanı və Birləşmiş Ərəb Əmirliklərinin münaqişəyə birbaşa hərbi şəkildə qoşulması hazırkı mərhələdə real görünmür. Bu ölkələrin imkanları daha çox maliyyə, infrastruktur və təşkilati dəstək göstərməklə məhdudlaşır və onların potensialı birbaşa hərbi iştirak üçün yetərli deyil”.

Ekspert əlavə edib ki, müəyyən reallıqlar da nəzərə alınmalıdır:

“Belə ki, əgər strateji əhəmiyyətli obyektlər — limanlar, dövlət idarəetmə strukturları və əsas infrastruktur ciddi zərbələrə məruz qalarsa, bu ölkələr münaqişəyə qoşulmaq məcburiyyəti ilə üzləşə bilər. Lakin bunun daha geniş miqyas alması ehtimalı aşağı qiymətləndirilir.

Mümkün müharibənin nəticələri kifayət qədər ağır ola bilər, lakin hazırkı şəraitdə region hələ belə bir ssenaridən uzaqdır”.

//Gülnarə Abasova, Editor.az