Yediklərini o generalların burnundan gətirmək lazımdır…backend

Yediklərini o generalların burnundan gətirmək lazımdır…

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Səfər Əbiyevin Müdafiə naziri olduğu dövrdə hərbi xidmət keçmiş həmkarım danışır: “Bizim hərbi hissədə 120 əsgər vardı. Komandir onların 70-ni pul müqabilində aylığa buraxmışdı. Hərbi hissədə cəmi 50 nəfər qalmışdı. Dağlıq bölgədə xidmət etdiyimiz üçün ərzaq ehtiyatımız sentyabrda gəlirdi. Ertəsi gün komandir həmin ərzağı “KamAz”lara doldurub bazara göndərirdi. Qışı başıaçıq, ayağıyalın, üstəlik, acqarnına yola verirdik…”

Əminəm ki, Səfər Əbiyevin nazir olduğu 1995-2013-cü illərdə orduda xidmət etmiş hər bir azərbaycanlının oxşar xatirələri var. Bunlar uydurma deyil, həqiqətdir. Çoxlarımızın yaşadığı, şahidi olduğu hadisələrdir. İnanmırsınızsa, sabiq korpus komandiri Yaşar Aydəmirovun köməkçisi işləmiş Telman Əbilovun açıqlamalarını oxuyun. Telman müəllim nə danışıb? Əgər həmin açıqlamaları oxumuş olsaydınız, suala sualla cavab verərdiniz: Telman Əbilov nələr danışmayıb?

İxtisasca hüquqşünas olan Əbilov açıq şəkildə etiraf edir ki, Səfər Əbiyevin dövründə orduda rüşvətxorluq, intizamsızlıq, özbaşınalıq tüğyan edib. Həmin dövrü biz də yaşadığımız üçün bunun gerçək olduğuna şübhəmiz yoxdur. Onun sonrakı açıqlaması isə daha dəhşətlidir: “Ölüm hallarının orduda çox olmasını istəyirdilər. Çünki belə olanda valideynlər övladlarını orduya göndərməmək üçün rüşvət təklif edirdilər, yaxud da arxa cəbhədə saxlamaq üçün pul təklif edirdilər”.

Telman Əbilov vaxtilə korpus komandiri işləmiş Mahmud Həmzəyev adlı generaldan da danışıb. Lütfən, diqqətlə oxuyun: “2001-ci ildə Mahmud Həmzəyevi korpus komandiri qoydular. Onun vaxtında orduda ölüm halları bir neçə qat artdı. Bəlkə də onun günahı ucbatından 150-200 əsgər həmin korpusda öldü”.

Həmin dövrü yaxşı xatırlayıram. İşlədiyim redaksiyalara ard-arda şikayətlər daxil olurdu. Valideynlər orduya pəhləvan kimi oğul yola salır, bir neçə ay sonra meyitini üstünə göndərirdilər. Bütün vicdanlı qələm adamları kimi mən də bu cinayətlərə səssiz qalmamışam. On-on iki il əvvəl “Reytinq” qəzetində işləyəndə “Qar kimi bəyaz kəfən” adlı məqalə yazmışdım. Xalqın və dövlətin qarşısında üzü qara olan generallar min bir əziyyətlə böyütdüyümüz uşaqları ağ kəfənə büküb geri göndərirdilər…

Onlar kimlərdir? Telman Əbilov konkret adlar açıqlayır: Səfər Əbiyev, Nəcməddin Sadıkov, Rövşən Əkbərov, Xəqani Cəbrayılov, Çingiz Şəfiyev, Mahmud Həmzəyev… Əminəm ki, istintaqçılar Telman müəllimi sorğu-sual etsələr, qarşımıza yeni adlar çıxacaq. Və buna çox ehtiyac var!

Telman Əbilovun “Yeni Müsavat” qəzetinə verdiyi açıqlamada diqqətimi ən çox bu məqam cəlb etdi. Birlikdə oxuyaq: “O vaxt Səfər Əbiyevə dəfələrlə yazdım ki, Həmzəyev burada hansı işlərlə məşğuldur, əsgərlər qırılır. Orada donuz, mal ferması saxlayırdı. Təsəvvür edin ki, erməni pozisiyasında traktor, kombayn görürdü, əmr verirdi ki, ordu irəli getsin, həmin traktoru, kombaynı gətirsin, dəfələrlə bu səbəbdən çoxlu itkilər verdik. 2003-cü ildə Şükürbəyli, Horadiz istiqamətində bütöv batalyon qırıldı”.

Bu iddiaların hər birini araşdırmağa ehtiyac var. Hərbi prokurorluq dərhal hərəkətə keçməlidir. Camaatın balasının canı, qanı bahasına var-dövlət qazanan, sərvət yığan bu adamların hamısı qanun qarşısında cavab verməlidir. Yediklərinin hamısını o generalların burnundan gətirmək lazımdır…

Seymur VERDİZADƏ

Loading...