Yeganə həll yolu budur: Ukrayna parçalanmalıdır?-ŞƏRHbackend

Yeganə həll yolu budur: Ukrayna parçalanmalıdır?-ŞƏRH

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Ukraynada sülhə nail olmağın yeganə yolu döyüş meydanındadır. Bunu Finlandiya Prezidenti Aleksandr Stubb deyib.

Onun sözlərinə görə, Kremlin başa düşdüyü yeganə şey gücdür: “Mən uzun illərdir ki, sülh vasitəçiliyi ilə məşğul oluram. Əlbəttə, vasitəçilikdə hər şey dialoqdan başlayır. Amma, məncə, indi sülhün yeganə yolu döyüş meydanındadır”.

Finlandiya Prezidentinin sözlərini Editor.az-a şərh edən siyasi analitik Kənan Novruzov bildirib ki, Ukraynadakı müharibənin siyasi yolla həlli inandırıcı görünmür:

“Ümumiyyətlə, münaqişənin yaxın vaxtda bitəcəyi də gözlənilmir. Əksinə görünən odur ki, “Ukrayna düyünü” getdikcə daha da açılmaz hala gəlir və bu gün bütün dünyanın hərbi, siyasi nəzər nöqtəsindədir. Qərb, xüsusilə Fransa qoşunlarının Ukraynaya yerləşdirilməsi məsələsi müzakirə olunur, Rusiyanın nüvə silahını tətbiqetmə, NATO-nun Rusiyaya birbaşa müharibəyə başlaması məsələsi gündəmdədir, vasitəçilik üçün ən real namizəd olan Türkiyənin proseslərə müdaxilə imkanı getdikcə zəifləyir. Əlbəttə ki, bütün bunları nəzərə alsaq demək olar ki, məsələnin siyasi yolla həlli mümkün deyil. O ki qaldı hərbi yolla həllə, əslində bu onu nəzərdə tutur ki, Ukrayna bütün torpaqlarını işğaldan azad etsin. Ancaq indiki halda bu da real görünmür. Ukrayna özü də vəziyyətin çətinləşdiyini, silah-sursat çatışmazlığı, şəxsi heyətin azlığını qəbul edir. Bunların fonunda isə Rusiya hərbi meydanda getdikcə irəliləyir. Baxmayaraq ki, Ukrayna zərbələr endirir, ancaq döyüş meydanında Rusiya irəlidədir. Belə olduqda hərbi həll yolu da real variant deyil”.

K. Novruzov bildirib ki, müharibənin yalnız hərbi yolla həllinin mümkünlüyü ilə bağlı verilən bəyanatlar sadəcə psixoloji həmlədir:

“Ukraynanı müharibənin davam etdirməyə sövq edərək inandırırlar ki, danışıqlar fayda verməyəcək, eyni zamanda, Rusiyanı da təhrik edərək demək istəyirlər ki, müharibə uzun çəkəcək. Bu, həm də informasiya müharibəsinin elementidir. Ən real variantda Ukrayna parçalanacaq. Rusiyanın tutduğu ərazilər onda qalacaq, Ukrayna özündə saxladığı ərazilərlə NATO-nün üzvü olacaq və bununla da Ukrayna faktiki olaraq parçalanacaq. Ən yaxşı variant isə budur. Əks təqdirdə Ukrayna lideri Volodimir Zelenski ərazi güzəştinə gedib müharibəni bitirməsə, bir müddət sonra müharibə tamamilə idarəolunmaz hala gələcək. Üçüncü Dünya Müharibəsi Ukraynada başlayacaq, NATO-Rusiya toqquşması baş tutacaq, nüvə silahının tətbiqi an məsələsinə çevriləcək. Əgər Qərb bunu istəmirsə, Zelenskini ərazi güzəştinə məcbur etməli və müharibə ən qısa zamanda bu formada bitməlidir”.

//Gülnarə Abasova, Editor.az