Yekaterinburqda Heydər Əliyevin 100 illik yubileyi münasibətilə minifutbol turniri keçirilibbackend

Yekaterinburqda Heydər Əliyevin 100 illik yubileyi münasibətilə minifutbol turniri keçirilib

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Ümummilli Lider Heydər Əliyevin anadan olmasının 100 illik yubileyi münasibətilə Azərbaycanın Yekaterinburqdakı Baş Konsulluğunun təşəbbüsü və təşkilatçılığı, “Azərbaycan-Ural” İctimai Milli-Mədəni Təşkilatının və Rusiya Azərbaycanlı Gənclər Birliyinin (RAGB) Sverdlovsk vilayətindəki nümayəndəliyinin dəstəyi ilə 2-ci minifutbol turniri keçirilib.

AZƏRTAC xəbər verir ki, Ural Federal Dairəsi üzrə azərbaycanlı gənclər arasında təşkil olunmuş turnirdə Sverdlovsk vilayətindən yeddi, Çelyabinsk, Kurqan və Tümen şəhərlərindən bir komanda olmaqla, ümumilikdə 10 komanda iştirak edib.

Turnirin açılış mərasimində çıxış edən baş konsul vəzifəsini icra edən Şöhrət Mustafayev, Sverdlovsk vilayətinin bədən tərbiyəsi və idman nazirinin müavini Sergey Nabokix, RAGB-nin Sverdlovsk vilayəti üzrə nümayəndəliyinin rəhbəri Toğrul Həsənzadə Ümummilli Lider Heydər Əliyevin keçdiyi ömür yolundan, onun istər Sovet İttifaqı dövründə, istərsə də müstəqil Azərbaycan Respublikasına rəhbərlik etdiyi illərdə idmana göstərdiyi diqqət və qayğısından danışıblar və bu siyasətin Azərbaycan Prezidenti İlham Əliyev tərəfindən layiqincə davam etdirildiyini bildiriblər.

Çıxışlardan sonra yarışlara start verilib. Oyunların nəticələrinə əsasən, qaliblər aşağıdakı kimi müəyyənləşib: 1-ci yer – Neftçi (Tümen), 2-ci yer – Azklub UrFU (Yekaterinburq), 3-cü yer – Odlar Yurdu (Kurqan).

İlk 3 yeri tutmuş komandalara turnirin kuboku, medallar, diplomlar və Baş Konsulluq tərəfindən müxtəlif məbləğdə pul mükafatları təqdim olunub. Turnirdə qalib komandalarla yanaşı, ən yaxşı oyunçu, ən yaxşı qapıçı, ən yaxşı müdafiəçi, ən yaxşı bombardir və ən yaxşı hakim nominasiyaları da yer alıb. Komandaların digər üzvlərinə turnirdə iştirak etdiklərinə görə təşəkkürnamə verilib.