Yekaterinburqda saxlanılan azərbaycanlıların məhkəmə prosesində ittiham tərəfi prosesin qapalı keçirilməsini xahiş edib. Məhkəmə xahişi təmin edib, jurnalistlər zaldan çıxarılıblar. İttiham tərəfi, həmçinin Məzahir Səfərovun barəsində həbs qətimkan tədbirinin seçilməsini istəyib.
Editor.az APA-ya istinadən məlumat verir ki, vəkil isə onun ev dustaqlığına buraxılmasını istəyib.
Məzahir Səfərov vəkilinə bildirib ki, onun etirafı zorla alınıb, ailəsi hədələnib.
Saxlanılan azərbaycanlılar barəsində həbs qətimkan tədbirinin seçilməsinə ayrı-ayrılıqda baxılır.
Məhkəmə prosesində Azərbaycanın Yekaterinburqdakı Baş konsulu vəzifəsini icra edən Şöhrət Mustafayev də iştirak edir.
Bundan başqa Yekaterinburqdakı Azərbaycan diasporunun sədri Şahin Şıxlinski prosesə qatılıb.
Rusiya İstintaq Komitəsinin Sverdlovsk vilayəti üzrə Regional İdarəsinin açıqladığı məlumata görə, azərbaycanlılara qarşı ittihamların irəli sürüldüyü epizodlar Yekaterinburqda 2001, 2010 və 2011-ci illərdə baş verib.
Rusiyanın Yekaterinburq şəhərində hüquq-mühafizə orqanları tərəfindən saxlanılan azərbaycanlıların məhkəməsi başlayıb.
Məhkəmə onların barəsində həbs-qətimkan tədbirinin seçilməsi məsələsinə baxır.
Xatırladaq ki, iyunun 27-də səhər saatlarında Rusiya Federal Təhlükəsizlik Xidmətinin əməkdaşları Yekaterinburqda azərbaycanlıların evlərində reyd keçirib. Əməliyyat nəticəsində iki azərbaycanlı – publisist və tərcüməçi Seyfəddin Hüseynlinin qardaşları öldürülüb. Daha bir neçə nəfər saxlanılıb.