“İsveç və Finlandiyanın NATO-ya daxil olması Rusiyanın Baltik dənizindəki mövqeyini zəiflədəcək”. Bunu ABŞ Silahlı Qüvvələri Qərargah Rəisləri Komitəsinin sədri general Mark Milli deyib. “İsveç və Finlandiya NATO-ya daxil olarsa, Rusiya sahil zolağının yalnız kiçik bir hissəsini nəzarətdə saxlayacaq – Sankt-Peterburq və Kalininqrad ətrafında. Sahilin qalan hissəsi Alyansın nəzarətində qalacaq ki, bu da hərbi-siyasi blokun mövqelərini əhəmiyyətli dərəcədə gücləndirəcək”, – ABŞ generalı bildirib. Millinin sözlərinə görə, Baltik strateji baxımdan çox vacibdir, o, dünyanın ən böyük dəniz yollarından biridir.
Xatırladaq ki, mayın 18-də Finlandiya və İsveç NATO-ya üzv olmaq üçün müraciət ediblər. Həmin gün Alyansın səfirləri Skandinaviya ölkələrinin hərbi-siyasi bloka qoşulması ilə bağlı danışıqlara başlamaq üçün bir araya gəliblər.
O zamandan bəri sözügedən məsələ dünya siyasi elitasında ciddi müzakirə olunur. Türkiyə rəsmiləri, o cümlədən Prezident Rəcəb Tayyib Ərdoğan bildirir ki, həmin dövlətlər terror təşkilatlarını dəstəklədikləri üçün Ankara onların Alyansa üzvlüklərinə qarşıdır.
Türkiyənin bu mövqeyi Rusiyanın maraqlarına nə qədər uyğundur?
Siyasi şərhçi Kənan Novruzov Editor.az-a bildirib ki, Kreml NATO- nun güclənməsini, xüsusilə onun şərqə doğru genişlənməsini istəmir:
“Rusiya ilə Ukrayna arasında müharibənin başlanmasının səbəbi və ya bəhanəsi də Ukraynanın NATO- ya üzvlük iddiası olmuşdu. Hələlik Moskva Finlandiya və İsveçin Alyansa mümkün üzvlüyünə ciddi münasibət bildirmir. Amma bu ehtimal artdıqca Rusiya daha da aqressivləşə və Ukrayna ssenarisini təkrarlaya bilərmi? Və ya ola bilərmi ki, Qərb Rusiya üçün yeni “bataqlıq” yaradır? Əslində bu ehtimallardan heç birini tamamilə istisna etmək olmaz. Rusiya hazırda müharibə şəraitindədir. Qərbin sanksiyaları şimal qonşumuzu bir az da zəiflədir. Odur ki, Kreml “ağrımayan başına duz sarımaq istəməz”.
K. Novruzov qeyd edib ki, İsveç və Finlandiyanın NATO-ya üzvlük məsələsi hələ ki sadəcə iddiadır:
“Amma bu, reallığa doğru gedəndə, yəqin ki, Rusiya reaksiya göstərməli olacaq. Doğrudur, Türkiyənin sərt reaksiyasının əsas səbəbi İsveç və Finlandiyanın terrorçuları dəstəkləməsi ilə bağlıdır. Amma bu, həm də Moskvanı dəstəkləmək deməkdir. Eyni zamanda, ola bilsin, Ankara Qərbin Rusiya ilə bağlı “oyununu pozur”. Şübhəsiz, bunu Kreml rəhbəri da başa düşür.Yaxın gələcəkdə İsveç və Finlandiyanın NATO-ya mümkün üzvlüyü ilə bağlı daha ciddi bəyanatların səslənməsi mümkündür. Bu, bir tərəfdən Alyansla Türkiyə arasındakı ziddiyyətləri dərinləşdirməklə yanaşı, həm də Rusiyanı qıcıqlandıra bilər. Bu mənada yaxın günlərdə Rusiya rəsmilərinin, o cümlədən xarici işlər naziri Sergey Lavrovun, XİN sözçüsü Mariya Zaxarovanın, Prezidentin sözçüsü Dmitri Peskovun və başqalarının iddiaçı dövlətlərə xəbərdarlıqlarının şahidi ola bilərik. Əgər Rusiya lazımi qədər qıcıqlansa və proseslər gərginləşsə, yeni cəbhənin açılması mümkündür. Bu isə onsuz da davam edən üçündü dünya müharibəsini daha da şiddətləndirəcək”.
//Gülnarə Abasova, Editor.az

