“İkinci Dünya savaşından sonra qaliblərin yaratdıqları Yeni Dünya Nizamı Sovet İttifaqının, sosialist sistemin və Varşava Paktının çökməsi ilə yeni çalar qazandı. Almaniyanın birləşməsi, Çin, Yaponiya kimi ölkələrin sürətli inkişafı, Türkiyə, Hindistan, Braziliyanın yüksəlişi qlobal güc dəngələrinin yenidən şəkillənməsini diqtə etməyə başladı”.
Bu fikirləri Editor.az-a açıqlamasında politoloq Fəqani Məhərrəmli deyib.
Politoloq bildirib ki, ”Moskva təhdidi”nin aradan qalxması, sürəti baş döndürən siyasi-iqtisadi və xüsusilə texnoloji inteqrasiyalar bir qütblü dünyanı çox qütblü dünyaya doğru dəyişdirdi:
“Qlobal paradiqmaların zamanla ABŞ və müttəfiqlərinin əleyhinə dönüşməsi ehtimalı, yəni Almaniya başda olmaqla, Avropa Birliyinin ABŞ-a zaman-zaman dirsək göstərməsi, ingilislərin AB-dən ayrılması, ÜDM-un həcmində Çinin dünyanın bir nömrəli iqtisadi gücü olma reallığı, Rusiyanın siyasi-iqtisadi və hərbi cəhətdən toparlanması, Yaponiya, Braziliya, Türkiyə kimi ölkələrin daha çox müstəqil siyasət yürütmələri, başda S.Ərəbistan olmaqla, körfəz ölkələrinin artan enerji qiymətlərinin hesabına aşırı zənginləşmələri Qərbin hərbi-siyasi bosslarını narahat etməyə bilməzdi. Bölüşdürülmüş dünyanın yenidən bölüşdürülərək dizayn edilmək istəyi də məhz bu konteksdə Ukraynanı NATO-ya almaq sözü ilə Rusiyanı Ukraynaya hərbi təcavüzə təşviq etməklə başladı. Beləliklə, Ukrayna qurban ölkə, Qitə Avropa isə gizli hədəf seçildi.Təxmin etmək çətin deyil ki, yaxın gələcəkdə Ukrayna savaşı öz sərhədlərini Şərqi Avropaya və Rusiyanın içərilərinə doğru genişləndirəcək.
İkinci bir cəbhə Yaxın Şərq cəbhəsidir ki, burada da ABŞ regionu özünün maraqları və İsrailin təhlükəsizliyi konteksində yenidən şəkilləndirməkdədir. İlkin hədəf İranın Qəzzə, Livan, Suriya, İraq və Yəməndə hər cür formada bəslədiyi və dəstəklədiyi silahlı şiə qrupları(HƏMAS-qismən, Hizbullah,şiə milisləri,Haşdi-Şabi və Husilər) zərərsizləşdirməkdir. Bu əməliyyatlar uğurlu olsa, sonda İrandakı teokratik rejim daxildən çökdürülərək ABŞ istiqamətli siyasi bir rejim qurulması hədəflənəcək. İranın
işğal ediləcəyi, parçalanacağı və ya fedarallaşacağı bu mərhələdə mümkün görünmür. Ən azından coğrafiyanın tarixi, siyasi və demoqrafik durumu bunu mümkünsüz edir. Lakin maraqlıdır ki, İran-Şiə təhdidi aradan qalxarsa sünni-vəhabi inancına sahib körfəz ölkələrinin taleyi necə olacaq? Mümkündür ki, “Ərəb baharı”nın ikinci dalğası məhz bu ölkələrdə başlasın”.
Politoloq bildirib ki, 2025-ci ilin qlobal münaqişələr və müharibələr zəminində daha gərgin keçəcəyi ehtimalı böyükdür:
“Çin-Tayvan, Hindistan-Pakistan, Yaponiya-KXDR-sı arasındakı “isti” münasibətlərin hərbi toqquşmalara çevriləcəyi də, təəssüf ki, real görünür. Balkan ölkələrində, xüsusilə Serbiya-Kosova gərginliyi də, hələ ki, açıq sual olaraq qalır. Diqqətlə izləyəcəyimiz əsas məsələlərdən biri də Cənubi Qafqaz məsələsidir. Əslində Qafqaza bütöv yanaşmaq daha doğru olardı, çünki bu regionda tarixən baş vermiş hadisələr biri-birilə sıx bağlıdır. Yəqin ki, tarixin bütün dönəmlərində bu coğrafiya Qərblə-Şərq, Cənubla-Şimal arasında keçid güzargahı olma səbəbindəndir ki, Qafqaz mərkəzli güclü və uzun ömürlü bir dövlət qurmaq mümkün olmayıb.Əslində, qalib və güclü Azərbaycanın mövcudluğu regionun tarixi taleyini müsbət istiqamətdə dəyişə bilər, əgər Ermənistan yenidən silahlanmanı dayandırsa, Zəngəzur koridorunun açılmasını təmin etsə, Gürcüstan qarşıdan gələn parlament seçkilərində ölkədaxili siyasi sabitliyi qorumağı bacarsa…”.
//Gülnarə Abasova, Editor.az

