Yeni Dünya Nizamında Azərbaycan öz layiqli yerini tutacaq-ŞƏRHbackend

Yeni Dünya Nizamında Azərbaycan öz layiqli yerini tutacaq-ŞƏRH

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

“Yeni Dünya nizamına keçidin başlanğıc tarixi qəhrəman Azərbaycan Ordusunun BMT-nin 30 ildən bəri icra olunmayan qətnamələrini öz gücü hesabına işğal olunmuş torpaqlardan düşmən qüvvələrini çıxarmağa başladığı gündən götürülməlidir”.

Bunu Editor.az-a açıqlamasında politoloq Fəqani Məhərrəmli deyib.

Onun sözlərinə görə, yeni modern hərb tarixinə qızıl hərflərlə yazılmış 44 günlük Savaş, diplomatik həmlələr, informasiya resursları vasitəsilə görülən işlər Yeni Dünya nizamında Azərbaycanın yeri və rolunun önəmini, əhəmiyyətini ortaya qoymuş oldu:

“24.02.2022-ci ildə başlayan Ukrayna uğrunda Rusiya-Qərb savaşı, 7 oktyabr 2023-də alovlanan İsrail-HƏMAS müharibəsi, bununla paralel İranın və onun Yaxın Şərqdəki proksi-şiə qruplarına endirilən zərbələr, Suriyada yarım əsrdən artıq davam edən qanlı Əsəd rejiminin devrilməsi Yeni Dünyanın konturlarının necə çiziləcəyini təxmin etməyə yardımcı olur.

Amma maraqlı olan qlobal dünyanın bundan sonrakı mərhələdə hansı katakalizmlərlə üzləşəcəyi məsələsidir. Ehtimal etmək olar ki, isti müharibələrlə yanaşı, ticarət və kiber savaşlar da bundan sonrakı mərhələdə daha da qızışacaq. Cənubi Avropada, xüsusən Balkan ölkələrində siyasi proseslərin daha da gərginləşəcəyi və bu gərginliyin, onsuz da Ukrayna savaşı səbəbindən ciddi təhlükəsizlik problemləri ilə üzləşən Avropanı daha böyük problemlərlə üz-üzə qoyacağı ehtimal edilir. Belə bir durumda Avropanın Təhlükəsizlik arxitekturasının qurulmasında və qorunmasında Azərbaycanın Türkiyə ilə birlikdə nə qədər önəmli və kritik rol oynayacağı ortaya çıxır”.

F. Məhərrəmli bildirib ki, son günlər Avropa liderlərinin, hökumət və dövlət başçılarının Ankara-Bakı xəttində artan səfərləri deməyə əsas verir ki, həm hərbi, həm də enerji təminatı sahəsində Avropanın Türkiyə-Azərbaycan ittifaqına çox böyük ehtiyacı var:

“Bundan sonrakı mərhələdə Azərbaycanın sözü və tələbləri təkcə region ölkələri tərəfindən deyil, regiondan kənar dövlətlər tərəfindən də diqqətlə dinləniləcək, yerinə yetiriləcək. Əminliklə deyə bilərik ki, aparılan uğurlu siyasət nəticəsində Yeni Dünya nizamında Azərbaycan öz layiqli yerini tutacaq”.

//Gülnarə Abasova, Editor.az