“Nikol Paşinyan Ermənistanın növbəti dəfə baş naziri seçilib və ona 15 gün ərzində yeni hökuməti formalaşdırmaqla bağlı vaxt verilib. Düşünürəm ki, Paşinyan çox qısa bir müddətdə yeni hökuməti formalaşdırmağı bacaracaq. Çünki, o, seçkilərdə qalib gəldikdən sonra öz komandasının formalaşdırılması istiqamətində addımlar atmağa başlamışdı. Ətrafına topladığı şəxslərin kimliyi onu deməyə əsas verir ki, biz Ermənistanda seçkilərdən öncəki hökumətdən fərqli olaraq daha çox gənclərin təmsil olunduğu hökumət görəcəyik”.
Bu sözləri Editor.az-a açıqlamasında tarix üzrə fəlsəfə doktoru, politoloq Anar Əliyev deyib.

O, qeyd edib ki, yeni hökumətin Ermənistanın gələcəyi ilə bağlı yanaşması əvvəlkindən bir qədər fərqli olacaq:
“Düşünürəm ki, Ermənistan yenidən Qərb meyilli siyasət yeritməyə başlayacaq. Lakin Rusiya faktoru hər zaman mövcuddur. Bunu Ermənistanda yeni qurulmuş hakimiyyət də daim nəzərə almalı olacaq. Rusiyanı göz ardı etmək hazırki şəraitdə Ermənistanın bir dövlət kimi məhvinə səbəb ola bilər. Ermənistan Rusiya ilə müəyyən qədər yaxın münasibəti davam etdirməklə, daha çox Qərb yönümlü siyasət yürütməyə çalışacaq. Azərbaycan-Ermənistan münasibətlərinin tənzimlənməsi, Xankəndidə yaşayan bir ovuc erməniyə statusun verilməsi tələbi, Ermənistan-Azərbaycan sərhədinin delimitasiya və demakrasiya məsələlərinə yeni hökumət daha loyal münasibət nümayiş etdirəcək. Hesab edirəm ki, Ermənistanda keçirilən növbədənkənar parlament seçkiləri və nəticələr, Nikol Paşinyanın formalaşdırmağa çalışdığı yeni hökumət və digər proseslər hələ ki Paşinyanın ssenarisinə uyğun baş verir. Bu baxımdan, Nikol Paşinyan üzərinə götürdüyü “Ermənistanı Qarabağ yükündən xilas etmək”, “Ermənistanı yeni inkişaf xəttinə çıxarmaq” missiyalarını davam etdirəcək. O, Qarabağ məsələsini birdəfəlik Ermənistanın üzərindən atmaq, Qarabağ ermənilərinə görə ölkəsinin düşdüyü çıxılmaz vəziyyəti davam etdirməmək, əksinə, mümkün qədər Ermənistanı yeni bir inkişaf mərhələsinə çıxaracaq Azərbaycan və Türkiyə ilə münasibətlərin bərpa olunması istiqamətində addımlarını davam etdirəcək. Təbii ki, buna nail olunması üçün ilk növbədə xalqı bu güzəştlərə və zəruri gedişlərə hazırlamaq lazımdır. Hesab edirəm, son günlər davamlı olaraq sərhəddə təxribatların və atəşkəsin pozulması hallarının hədəflərindən biri də budur: Ermənistanın davamlı məğlubiyyəti və itkilər fonunda cəmiyyətin növbəti güzəştlərə hazırlanması. Nəticə etibarilə Paşinyanın bu addımları Ermənistanı Cənubi Qafqaz ailəsinin bir üzvü kimi həyata keçirilən iqtisadi layihələrin iştirakçısına çevirməlidir”.
Politoloqun sözlərinə görə Ermənistanda rəsmi şəkildə yeni hökumət formalaşana qədər Ermənistan sərhəddə təxribatlara davam edəcək. Bu təxribatların arxasında iki əsas məsələ dayanır:
“Birincisi, daxili auditoriyaya hesablanmış addımlar. Sərhəddə təxribatlar törədərək, atəşkəsi tez-tez pozmaqla, Nikol Paşinyan və komandası daxili auditoritaya göstərməyə çalışır ki, Ermənistan tezliklə və qarşı tərəfin düşündüyü kimi rahat şəkildə sülhə getməyəcək və Azərbaycan – Ermənistan sərhədində delimitasiya və demakrasiya prosesi asanlıqla həllini tapmayacaq. Ermənistan bu cür addımlarla bir növ daxili auditoriyanı sakitləşdirmək və növbəti güzəştlərə hazırlamağa çalışır”.
Anar Əliyev hesab edir ki, bu proseslərin ikinci səbəbi, liderlərin növbəti görüşünə qədər Ermənistanın Rusiya və Azərbaycan qarşısında əlinin gücləndirilməsi istəyi ilə bağlıdır:
“Ermənistan tərəfindən törədilən təxribatların ikinci əsas məqsədi yeni hökumət formalaşdıqdan sonra Rusiya, Azərbaycan və Ermənistanın iştirakı ilə formalaşmış, lakin fevral ayından demək olar ki, fəaliyyəti dayanmış üçtərəfli kommisiyanın yenidən fəaliyyətə başlamasına qədər öz əlini gücləndirməklə Rusiya və Azərbaycan qarşısında müəyyən şərtlər irəli sürmək imkanlarını yaratmaqdır”.
Anar Əliyev qeyd edib ki, cari ilin yanvar ayında qərara alınmışdı ki, Rusiyanın iştirakı ilə Ermənistan və Azərbaycan baş nazir müavinləri səviyyəsində işçi qrupu yaradılsın. Bu işçi qrup Azərbaycan-Ermənistan arasında müxtəlif istiqamətdə məsələlərin həlli ilə bağlı təkliflər planı hazırlamalı idi:
“Kommisiya Azərbaycan-Ermənistan arasında nəqliyyat-kommunikasiya əlaqələri, sərhədlərin delimitasiya və demakrasiya prosesi, Zəngəzur dəhlizinin açılması və digər məsələləri özündə əks etdirən təkliflər planı hazırlayıb liderlərə təqdim etməli idi. Lakin Ermənistanda növbədənkənar parlament seçkilərinin keçirilməsi bu prosesi müəyyən qədər ləngitdi. Artıq Ermənistanda seçkilər başa çatıb və yeni hökumətin formalaşma prosesi başa çatır. Buna görə də üçtərəfli kommisiyanın fəaliyyəti daha ciddi şəkildə yenidən bərpa olunmalıdır. Hesab edirəm ki, yaxın müddətdə bu baş tutacaq. Komissiya tərəfindən konstruktiv təkliflər hazırlanacaq və bu təkliflər əsasında praktiki addımların həyata keçirilməsinə başlanılacaq”.
Politoloqun sözlərinə görə, Ermənistanda yeni hökumət formalaşdıqdan sonra Azərbaycan -Ermənistan liderlərinin Moskvaya dəvət olunması və yenidən üçtərəfli görüşün baş tutması da ehtimal olunur:
“Düşünürəm ki, baş tutacaq görüşdə növbəti üçtərəfli bəyanatın imzalanması, 10 noyabr, 11 yanvar bəyanatına sadiqlik və bu razılaşmalardan irəli gələn öhdəliklərinin yerinə yetirilməsi məsələsi müzakirə oluna bilər”.
Siyasi analitikin fikrincə, Ermənistanda yeni hökumətin formalaşması ilə bir neçə istiqamətdə fəaliyyətin bərpa olunması sürətlənəcək:
“Birincisi, Ermənistan-Azərbaycan arasında müxtəlif sahələri əhatə edən layihələrin həyata keçirilməsi istiqamətində müzakirələr davam etdiriləcək.
İkincisi, Ermənistan və Azərbaycan arasında sərhədlərin delimitasiya və demakrasiyası istiqamətində proseslər sürətlənəcək.
Üçüncü və ən mühüm məqam, Zəngəzur dəhlizinin Ermənistan hissəsində praktiki addımların atılmasına başlanılacaq.
Dördüncüsü, rus sülhməramlı qüvvələrin nəzarəti altında olan ərazilərdə hələ də mövcud olan erməni silahlı birləşmələrinin 10 noyabr bəyanatının tələbinə uyğun olaraq ərazilərimizdən çıxarılması istiqamətində fəaliyyətə başlanılacaq.
Beşincisi, Rusiyada növbəti dəfə üçtərəfli görüş baş tutacağı və bu görüşdə regionun gələcəyini müəyyən edən mühüm sənədin imzalanması proqnozlaşdırılır.
Qeyd olunan beş istiqamətdə proseslərin başlanması Azərbaycan, Türkiyə və Ermənistan arasında münasibətlərin tənzimlənməsində yeni meyllər ortaya çıxaracaq. Hesab edirəm, bu proses Ermənistanın düşdüyü dalandan xilas olması yolunda atılan ilk addımlar olacaq.
Amma unutmaq olmaz ki, Nikol Paşinyan Qərbin, xüsusilə Fransa siyasi dairələrinin nəzarəti altında olan bir liderdir. Buna görə də Qərb dövlətlərinin regionda maraqlarının həyata keçirilməsi istiqamətində addımlar atmağa və mümkün qədər prosesə ATƏT-in Minsk qrupu həmsədrlərinin cəlb olunmasına çalışacaq. Xüsusilə Azərbaycan-Ermənistan münasibətlərinin tənzimlənməsində Fransanın birbaşa iştirakçılığının təmin olunması istiqamətində Ermənistan tərəfindən tez-tez təkliflər irəli sürülə bilər. Lakin, indiki şəraitdə Qərbin proseslərə Ermənistanın əli ilə müdaxilə etmək variantı Rusiyanın Qafqaz maraqlarına birbaşa təhdid təşkil etdiyindən ATƏT-in Minsk qrupunun dirçəldilməsi istiqamətində atılan addımlar və Ermənistanın cəhdləri uğursuz olacaq”.
//Gülnarə Abasova, Editor.az

