Ermənistanın baş naziri Nikol Paşinyan bildirib ki, yeni konstitusiyanın mətnində “Dağlıq Qarabağ”ın adı çəkilən Müstəqillik Bəyannaməsinə istinad olmamalıdır.
Azərbaycan prezidenti İlham Əliyev sənədə istinadın istisna edilməsində israr edib. Paşinyan belə bir fikir bildirib ki, bəyannamənin mətni müstəqil Ermənistan dövlətinin mövcudluğunu nəzərdə tutmur. “Bu, sadəcə olaraq qeyri-mümkündür… Deyə bilərəm ki, Ermənistanın yeni konstitusiyasında Müstəqillik Bəyannaməsinə istinad olmamalıdır. Amma buna Ermənistan xalqı qərar verəcək”, – baş nazir əmin edib.
Qeyd edək ki, Ermənistanın Müstəqillik Bəyannaməsi 1990-cı il avqustun 23-də qəbul edilib. O, Ermənistan SSR Ali Sovetinin və “Dağlıq Qarabağ Milli Şurası”nın “Ermənistan SSR-in və Dağlıq Qarabağın yenidən birləşdirilməsi haqqında” qərarına əsaslanır. Azərbaycan prezidenti İlham Əliyev bəyan edib ki, bəyannamədə “Azərbaycana qarşı ərazi iddiaları var”. 2023-cü il oktyabrın 5-də Nikol Paşinyan Qarabağ ərazisinin Azərbaycan ərazisi kimi tanınması haqqında sənəd imzalayıb. Qondarma “Dağlıq Qarabağ Respublikası” isə 2024-cü il yanvarın 1-də mövcudluğunu dayandırıb.
Ermənistan konstitusiyasının dəyişdirilməsi Azərbaycanla sülh müqaviləsinin imzalanmasının şərtlərindən biridir. Ermənistan hakimiyyətinin təsdiqi üçün referendum keçirmək niyyətində olduğu yeni sənədin mətninin 2026-cı ilin iyun ayına kimi hazırlanması planlaşdırılır.
//Samir Qurbanov, Editor.az