Yeni müharibə RİSKİ? – “Cənubi Qafqaz böyük risk zonasının astanasındadır”backend

Yeni müharibə RİSKİ? – “Cənubi Qafqaz böyük risk zonasının astanasındadır”

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

“Hazırki məqamda İsrail-İran müharibəsi istisna deyil. Belə ki, İsrail ordusu Qəzza bölgəsinə hücumlarını getdikcə genişləndirir. Ancaq burada məsələnin təkcə hərbi deyil, həm də siyasi tərəfləri var. Benyamin Netanyahu ard-arda bir neçə ciddi səhvə yol verdi. O, indi anlayır ki, müharibənin uzanması onun siyasi həyatının zəmanətinə çevrilir. Aydın məsələdir ki, bölgədə sabitlik çöksə, müharibəyə son qoyulsa, onda Benyamin Netanyahu hökuməti birbaşa istefaya göndəriləcək. Artıq İsraildə hazırki kabinetə qarşı etiraz aksiyaları geniş vüsət alır və İsrail rəhbərliyi də bu haqda məlumatlıdır”.

Bu fikirləri Editor.az-a açıqlamasında politoloq Tofiq Abbasov deyib.

O, İsrailin İranla münasibətləri barədə sualımıza gəldikdə isə bildirib ki, HƏMAS qruplaşmasının İsrailə hücumu İran tərəfindən dəstəklənir:

“Ancaq rəsmi Tehranın prosesdə əli yoxdur. Bu ABŞ kəşfiyyat orqanlarına məlum olan hadisə idi. Təsadüfi deyil ki, Cozef Baydenin şəxsi nümayəndələri İranla bağlı təmaslarında onlarda xahiş ediblər ki, bu məsələyə qarışmasınlar. Bəzi informasiyalar da yayılmışdı ki, guya hücumların arxasında İran dayanıb. Ancaq bu, belə deyil. Bu hücumu üçüncü qüvvələr hazırlayıb və hazırlıq işləri də Suriya ərazisində baş tutub. Hər bir halda İranın hücumu dəstəklədiyi məlum olsa da prosesdə fiziki əli yoxdur. Bunu İsrail rəhbərliyi gözəl başa düşür. Ancaq buna baxmayaraq ciddi cəhdlə çalışır ki, ABŞ-ı İrana qarşı yeni koalisiya dəvət etsin və birgə hücumlar təşkil etsinlər. Söhbət nüvə silahına aid hərbi və elmi bazaların bombardman olmasından gedir. Bu, çox çətin məsələdir. Çünki belə bir davranış Üçüncü Dünya müharibəsinin başlamasına səbəb ola bilər. İran bu məsələni diqqətdə saxladığını gizlətmir və hətta bəzi məlumatlar ondan xəbər verir ki, İranın artıq 3 hərbi sahədə nüvə başlığı hazırdır. Belə ki, vəziyyət getdikcə gərginləşir. Əgər İsrail İrana hücum etsə və ya bu işdə əli olsa hesab edirəm ki, vəziyyəti ağır olacaq. Çünki Hizbullahın raket potensialı həddindən artıq güclüdür. 200 min civarında orta mənzilli raketləri var. Hesab edirəm ki, ABŞ diplomatiyası İranın birbaşa olaraq bu proseslərə müdaxiləsinin əleyhinədir. Amerikalılar qəti şəkildə İranla müharibəni istəməz. Ancaq belə bir hal baş verərsə, Cənubi Qafqaz böyük risk zonasının astanasında olacaq. Əsas məqsəd isə ondan ibarət olmalıdır ki, bu proseslərə Bakı heç bir halda qatılmasın. Azərbaycanın da başlıca amalı heç bir halda üçüncü qüvvələrin qarşıdurma meydanına çevrilməməkdir”.

//Gülnarə Abasova, Editor.az