Yeni qərar ölkədə vəziyyəti acınacaqlı həddə çatdıra bilər?backend

Yeni qərar ölkədə vəziyyəti acınacaqlı həddə çatdıra bilər?

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

“Karantin müddətinin 14 gündən az olması dünyanın müxtəlif ölkələrində bir neçə aydır ki, tətbiq olunur. Hətta qardaş ölkə Türkiyədə belə 2020-ci ilin sentyabrından 10 günlük karantin rejimi tətbiq olunmağa başlamışdı. Bu, heç də Türkiyədə yoluxma sayının artmasına səbəb olmadı”.

Bunu həkim-infeksionist Nilufər Məmmədova deyib.

Mütəxəssis bildirib ki, karantin müddətinin 14 gündən 7 günə endirilməsi yoluxanların artmasına heç bir təsir etməyəcək:

“Dünya ölkələrinin təcrübəsinə baxsaq, artıq uzun zamandır ki, karantin müddətinin 14 gün olması bir çox ölkələrdə öz əhəmiyyətini itirib. Ümumilikdə götürdükdə isə 7 gündən sonra yoluxduruculuq qabiliyyəti çox aşağı hədlərə enir, çox az insanlarda yoluxduruculuq 7 gündən artıq davam edir. Ədəbiyyatlarda hətta nadir də olsa daha uzun müddətli – 14, 21 gün yoluxdurma qabiliyyəti olan insanlar qeyd olunub. Bu o demək deyil ki, belə bir hallar varsa, karantin müddəti buna uyğun olaraq uzadılmalıdır.

Karantin müddətinin seçilməsində əhəmiyyət verilən nüanslardan biri də odur ki, bu insanlar işçi qüvvəsidir, bu insanların təhsilləri var. Onları minimal müddətdə yenidən öz təhsillərinə, öz işlərinə geri qaytarmaq lazımdır. Dünya artıq 2 ildən çoxdur ki, pandemiya ilə mübarizə aparır. Yəni bu şəkildə davam etsək, karantin müddətini uzunmüddətli tutsaq, iqtisadiyyata, təhsilə böyük ziyan vurmuş ola bilərik. Ona görə də karantin müddətinin 7 günə endirilməsi zamanında, doğru verilmiş qərardır. Bunun yoluxmaların artmasına hər hansı bir təsiri, əlaqəsi yoxdur.

Amma biz bunu da bilirik ki, Omicron ştammı digər ştammlardan daha yoluxdurucudur. Yəni qarşıdakı günlərdə yoluxma sayında artım müşahidə etsək, bu, heç də karantinin 7 günə endirilməsi ilə yox, virusun özünün yoluxduruculuğu ilə bağlıdır. Və nəzərə alsaq ki, virusun bu ştammı ilə daha çox insanın yoluxması gözlənilir, qoyulan 14 günlük karantin rejimi iş və təhsilə ciddi ziyan vura bilər. Karantin müddətinin qısaldılması yerində verilmiş bir qərardır”.

Qeyd edək ki, Nazirlər Kabinetinin karantin rejimi ilə bağlı qərarına əsasən laboratoriya testinin nəticəsi pozitiv olan xəstələrin, həmçinin onlarla təmasda olan şəxslərin yaşayış yerində və ya olduğu yerdə təcrid olunma müddəti 14 gündən 7 günə azaldılıb. Qərar dünəndən etibarən qüvvəyə minib.

//milli.az