Xəbər verdiyimiz kimi, Ermənistan və Avropa İttifaqı (Aİ) ikitərəfli münasibətlərin dərinləşdirilməsi üzrə yeni sənədlə bağlı danışıqlar aparır. Bu barədə Ermənistanın xarici işlər naziri Ararat Mirzoyan Finlandiyanın “Lannen Media” nəşrinə müsahibəsində bildirib.
“Ermənistanı Avropa İttifaqına yaxınlaşdırmağa yönəlmiş siyasətimizi bilirsiniz. Ermənistan Aİ ilə münasibətlərin əhəmiyyətli dərəcədə dərinləşdirilməsinə yönəlmiş siyasət həyata keçirir. Hazırda “Yeni tərəfdaşlıq proqramı” adlı sənədlə bağlı danışıqlar aparılır”, – A.Mirzoyan qeyd edib.
Siyasi analitik Kənan Novruzov Editor.az-a yeni əməkdaşlıq proqramının Ermənistan və bütövlükdə Cənubi Qafqaz regionu üçün xeyirli olacağını düşünmür:
“Əksinə Avropa İttifaqının Cənubi Qafqazla bağlı indiyə qədərki siyasəti onu deməyə əsas verir ki, İttifaq və ona üzv olan bir çox ölkələr, xüsusilə Fransa Ermənistan vasitəsilə regiona soxulmaq niyyətindədir. Bu məqsədlə zaman-zaman Ermənistanın başının altına yastıq qoyulur, habelə “kökə və qamçıq” siyasəti yeridilir. Belə ki, rəsmi İrəvan bu cür formada şirnikləndirilir, daha sonra Ermənistandan aslı vəziyyətə salınır və ona konkret desturiktiv mahiyyətli tapşırıqlar verilir. Hesab edirəm ki, bu yeni tərəfdaşlıq proqramının mahiyyəti də bundan ibarətdir. Çox güman ki, bu proqramda hərbi, təhlükəsizlik, müdafiə məsələləri də xüsusi yer tutur. Bu tipli məsələlər əslində perspektivdə Ermənistanın daha çox silahlanmasına və regionla bağlı desturiktiv planların işə düşməsinə hesablanıb. İstisna edilmir ki, Cənubi Qafqazda artıq sülh perspektivinin getdikcə yaxınlaşması və sülhlə bağlı real imkanların yaranması Avropa İttifaqını, o cümlədən Fransanı narahat edir və bu cür yollarla prosesi ləngitməyə, sülhə gedən trayektoriyanı yeni gərginliyə doğru yönəltməyə çalışırlar”.
//Gülnarə Abasova, Editor.az

