“Polşa prezidenti Anjey Dudanın COP29 tədbirlərində iştirak etdikdən sonra Ermənistana səfər etməsi və orada Azərbaycanla Ermənistan arasında sülh müqaviləsi ətrafında müzakirələr aparacağı barədə bəyanatlar verməsi Bakı ilə İrəvan arasında müzakirələrin intensivləşəcəyini bir daha təsdiq etdi. Buna qədər də Azərbaycan Respublikası Prezidenti İlham Əliyev COP29 tədbirləri zamanı etdiyi çıxışlarda bu məsələyə toxunmuş və tezliklə danışıqların yeni qüvvə ilə başlayacağının anonsunu vermişdi. Ermənistan tərəfindən də bu barədə müsbət işarələr gəlirdi”.
Bu fikirləri Editor.az-a açıqlamasında politoloq Əlimusa İbrahimov deyib.

Politoloq bildirib ki, Duda İrəvan səfər etdi və Ermənistan rəhbərliyi ilə ətraflı görüşlər keçirdi, müzakirələr apardı:
“Amma onun keçirdiyi görüşlər və apardığı müzakirələrin nəticələri barədə ətraflı məlumat yoxdur. Daha doğrusu bu məlumatlar hələ geniş auditoriyaya açıqlanmayıb. Heç şübhəsiz ki, Azərbaycan rəhbərliyi bu barədə diplomatik kanallarla məlumatlandırılıb. Bizi indiki halda maraqlandıran Polşanın və şəxsən onun Prezidenti Anjey Dudanın vasitəçilik missiyasını öz üzərinə götürməklə hansı məqsəd güdməsidir. Polşa Cənubi Qafqaza daxil olmağa çalışırmı? Yaxud Duda Avropa İttifaqının Cənubi Qafqaz uğrunda apardığı yarışmada buraxdığı səhvləri düzəltməyə çalışır?
Polşa Avropa İttifaqının nüfuzlu üzvlərindəndir və bu təşkilatın apardığı siyasəti tam dəstəkləyir. Onun Aİ-dən ayrı apardığı siyasətin mövcud ola biləcəyi barədə düşünmək sadəlövhlük olardı. Hesab edirəm ki, Polşadan daha çox Avropa İttifaqı Cənubi Qafqazda mövcud olan ölkələrlə münasibətlərin inkişaf etdirilməsində maraqlıdır. Uzun müddət bu təşkilatın Fransa kimi üzvləri Gürcüstan və Ermənistan vasitəsi ilə bölgəyə nüfuz etməyə cəhd etdilər. Onların son zamanlar regionda yaranmış geostrateji şəraiti diqqətlə nəzərə almamaları ciddi uğursuzluğa düçar olmaları ilə nəticələndi. Hazırda Brüssel Cənubi Qafqazın əldən çıxmaması üçün mücadilə edir. Bu baxımdan Polşanın təqdim etdiyi vasitəçilik missiyası müəyyən nəticələr verə bilərdi. Anjey Dudanın Azərbaycanla Ermənistan arasındakı danışıqlar prosesində vasitəçilik etmə təklifinin Aİ ilə razılaşdırıldığı fikrindəyəm. Amma bu, o demək deyil ki, Duda Polşanın Azərbaycanla münasibətlərinin inkişaf etdirilməsində öz maraqlarını güdmür. Axı indiki şəraitdə Azərbaycan nefti və qazı Avropada hamıya lazımdır”.
//Gülnarə Abasova, Editor.az

