Yenilməz Ərdoğan – Türkiyə liderini qalib edən SƏBƏBLƏRbackend

Yenilməz Ərdoğan – Türkiyə liderini qalib edən SƏBƏBLƏR

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Qardaş Türkiyədə bazar günü keçirilən seçkilər, nəticələr dünya mediasının diqqət mərkəzindədir. Nəticələr bəlli olduqdan dərhal sonra dünya mediası görünməmiş halda prosesin demokratik və hər hansı bir pozuntu olmadan keçirilidiyini xüsusi qeyd edib, onun qələbəsinin səbəblərini obyektiv işıqlandırmağa çalışıb. Dünyaca məşhur media orqanlarının yekun olaraq prosesin yekununu “Yenilməz Ərdoğan” kimi qiymətləndiriblər. Onlardan bəzilərinə diqqət yetirək.

Məsələn, “Asspciated Press”in fikrincə, seçki qutusundan çıxan nəticə Ankaradan çox da uzaqlarda hiss olunacaq, müvafiq nəticələrə gətirib çıxaracaq. “Ərdoğan daha bir prezidentlik müddətinə qalib gəldi və səlahiyyətlərini üçüncü onilliyə uzatdı” başlığını işlədən agentliyin fikrincə, onun üçüncü prezidentlik müddəti Ərdoğana yerli və beynəlxalq arenada daha da güc verəcək və seçki qutusundan çıxan seçim çox kənar nəticələrə səbəb olacaq. Türkiyə NATO-da əsas rol oynamaqla yanaşı, Avropa və Asiyanın kritik qovşağındadır.

“Yenilməz Ərdoğan Türkiyədə keçiriləcək ikinci turla prezidentlik müddətini uzadır”, deyə Fransa xəbər agentliyi AFP yazıb. Tarixi ikinci turda qalib gələn Ərdoğanın 2028-ci ilə qədər hakimiyyətdə olacağını qeyd edərək, Türkiyə liderinin milli birliyə çağırış etdiyini yazıb.

AFP-nin başqa bir xəbərində dünya liderlərinin Ərdoğanı seçkilərdəki qələbəsi münasibətilə təbrik etdiyi bildirilib. ABŞ lideri Co Baydenin ‘ümumi qlobal çağırışlara’ qarşı birgə işləməyi vurğuladığını ifadə edən AFP, Rusiya lideri Vladimir Putinin mesajında ​​seçkilərdə qələbənin “təbii nəticə” olaraq xarakterizə edildiyini bildirib. Xəbərdə həmçinin NATO, Avropa İttifaqı, Birləşmiş Millətlər Təşkilatı, Fransa, Almaniya və Ukrayna, həmçinin ABŞ və Rusiyadan təbriklər yer alıb.

Seçki nəticəsini manşetində verən BBC “yenidən təşviq edilən Ərdoğandan nə gözləmək olar?” sualını verir. Məşhur müxbir Orla Guerinin xəbərində Rəcəb Tayyib Ərdoğanın tərəfdarları ilə birlikdə mahnı oxuduğunu xatırladaraq, Türkiyə liderinin seçkilərə gəlincə qüsursuz olduğunu bildirib. Seçiciləri mayın 14-dən əvvəl Ərdoğanın məğlub ola biləcəyini proqnozlaşdıran anketçi və analitiklərdən daha yaxşı oxuduğunu ifadə edən Guerin, “Bu strateji NATO ölkəsi öz yolunu seçdi” deyib. “Bəs seçkilərin nəticələri Türkiyənin qonşularını və NATO müttəfiqlərini hara buraxır? Onlar diqqətli olacaqlar, çünki bilirlər ki, prezident Ərdoğan tez-tez mövcud beynəlxalq nizamı pozmağı xoşlayır”.

Amerikanın CNN International televiziya kanalı “Ərdoğan tarixi üçüncü prezidentlik müddətini qazandı” başlığı ilə oxucularının qarşısına çıxıb. Xəbərə görə, ilkin nəticələr Ərdoğanın irəlidə olduğunu göstərdikdən sonra yüzlərlə insan hakim AKP-nin İstanbul əyalət binası qarşısına toplaşıb. Bəziləri uşaqları ilə gəlib, bəziləri isə bayraqlarını dalğalandırıb, məşəl və atəşfəşanlıq ediblər. Bayram şənliklərinin ortasında partiya qərargahı qarşısında çıxış edən Ərdoğan tərəfdarı Denel Anart, “İnşallah əbədi yaşayar. O, mənim atam, babam, əmimdir. O, mənim hər şeyimdir” deyib. CNN əlavə edib ki, Kılıçdaroğlunun mayın 14-də keçiriləcək seçkiləri qabaqlayacağını proqnozlaşdırmaqla bir çox sorğular səhv olub.

Amerikanın “The New York Times” qəzeti seçki nəticələrini ilk səhifəsində “İnflyasiya, zəlzələ və baş-başa yarışa baxmayaraq, Ərdoğan yenidən seçildi” başlığı ilə təqdim edib. Xəbər spotunda o, Ərdoğanın daxili siyasətdə və ya xarici siyasətdə kursu dəyişmək niyyətinə dair heç bir əlamət göstərmədiyini yazıb ki, bu da onun Qərb müttəfiqlərini qəzəbləndirib.

İngiltərənin “The Guardian” qəzetindəki təhlilin başlığı “Ərdoğan Türkiyədə 20 illik hakimiyyətini uzatarkən, Qərb qorxu və ümid arasında qalıb”. Patrik Vinturun qələmə aldığı təhlilə görə, yenidən seçilən Ərdoğan NATO üzvü olan ölkəsini Rusiyaya yaxınlaşdıra və ya bunun əvəzinə alternativlərə daha açıq ola bilər. Vinturun sözlərinə görə, Qərb paytaxtları Türkiyənin bütün seçki prosesi boyunca səssiz qalıb: “Xüsusilə də Ərdoğanın 20 illik hakimiyyətinin sürpriz şəkildə sona çatacağı gözlənilirdi. Amma indi ona üçüncü müddətə seçilmək üçün qəti mandat verilib, Qərb isə qorxu və ümid arasında qalıb”.

Bosniya və Herseqovinanın dövlət radio və televiziyası “Ərdoğan qələbəsini elan etdi, seçiciləri Türkiyənin hər yerində bayram edir” başlığı ilə dərc etdiyi xəbərdə seçkinin nəticələri ilə bağlı məlumatları oxucuları ilə paylaşıb. Bosniya və Herseqovinanın ən çox oxunan portallarından biri olan “Klix.ba” “Ərdoğan seçkidə qalib gəldiyini elan etdi, Türkiyə Prezidenti olaraq qalacaq” sərlövhəli xəbərdə Rəcəb Tayyib Ərdoğanın rəqibini böyük fərqlə məğlub etdiyi bildirilib. Portalın yaydığı digər xəbərdə isə Ərdoğanın xalqa müraciətində səsləndirdiyi “Türkiyənin yüzilliyinin qapısını açdıq” fikrinə yer verilib.

Bosniya və Herseqovina, Serbiya, Sloveniya və Xorvatiyada yayımlanan “N1” televiziya kanalı Rəcəb Tayyib Ərdoğanın qələbəsini elan etdikdən sonra ona səs verən seçicilərin küçələrə axışaraq bayramı qeyd etdiklərini yazıb. Serbiyanın rəsmi xəbər agentliyi “Tanyuq” isə “Türkiyə qalib gəldi” sərlövhəli məqalədə Ərdoğanın seçicilərinə təşəkkür etdiyini yazıb, seçkinin nəticələri barədə məlumatları oxucuların diqqətinə çatdırıb. Monteneqronun dövlət radio və televiziyası “Ərdoğan: ölkənin idarə olunmasında məsuliyyəti öz üzərimizə götürdük, qalib Türkiyədir” başlığı ilə dərc etdiyi xəbərdə Rəcəb Tayyib Ərdoğanın qələbə çıxışından fikirlərə yer verib.

Milli.az