NATO ölkələri etiraf edirlər ki, Ukrayna üçün lazımi miqdarda sursat və silah toplaya bilməyəcəklər. Bu, Rusiyanın hücumunu davam etdirməsinə və daha da geniş əraziləri işğal etməsinə səbəb ola bilər.
Editor.az bildirir ki, bunu NATO-nun baş katibi Yens Stoltenberq deyib. “Döyüş meydanında vəziyyət ağırdır. İndi iki mümkün ssenari var: NATO daha çox yardım toplaya biləcək və Ukrayna daha çox ərazini azad edəcək. İkinci ssenari isə bizim edə bilməyəcəyimizdir”, – deyə NATO-nun baş katibi ittifaq ölkələrinin xarici işlər nazirlərinin görüşünün yekunlarına dair mətbuat konfransında bildirib.
Onun sözlərinə görə, uzunmüddətli sülhə nail olmağın yeganə yolu Rusiyanın döyüş meydanında qalib gəlməsinin qarşısını almaqdır. Yens Stoltenberq vurğulayıb ki, alyans Ukrayna münaqişəsinin tərəfi deyil və olmayacaq. O, NATO qoşunlarının Ukrayna ərazisinə göndərilməsinin mümkünlüyünü rədd edir, çünki “Kiyevin özü bunu tələb etmir”.
Bundan bir qədər əvvəl NATO-nun baş katibi bildirib ki, Ukraynada hərbi əməliyyatlar alyans ölkələrinin təhlükəsizliyi üçün zəruridir və Kiyevə silah verilməsi onların öz təhlükəsizliyinə sərmayədir.
Polşanın xarici işlər naziri Radoslav Sikorski Brüsseldəki görüşdən sonra bildirib ki, NATO Ukraynada alyansa üzv ölkələrin Kiyevə yardımını koordinasiya etməyə kömək edəcək missiya yaradır. Sikorski qoşunların Ukrayna ərazisinə köçürülməsi planlarının mövcudluğunu da təkzib edib. Polşanın baş naziri Donald Tusk da bir müddət əvvəl eyni bəyanatla çıxış etmişdi.
//Samir Qurbanov,Editor.az

