Avropa Komissiyasının rəhbəri Ursula fon der Leyen NATO-nun baş katibi postuna əsas namizədlərdəndir.
Editor.az bildirir ki, bu barədə İtaliyanın “La Repubblica” qəzeti Brüsseldəki məlumatlı mənbələrə istinadən məlumat yayıb. Nəşrin yazdığına görə, Ursula fon der Leyenin namizədliyini ABŞ daha çox istəyir. Lakin daha əvvəl bu vəzifəyə digər iddialılar barədə də məlumat yayılıb.
Alyansın hazırkı baş katibi Yens Stoltenberq 2014-cü ilin oktyabrından vəzifədədir. 2022-ci ilin fevralında onun tezliklə bu vəzifəni tərk edəcəyi (və Norveç Mərkəzi Bankına rəhbərlik edəcəyi) rəsmən açıqlanıb. Lakin Rusiyanın Ukraynada hərbi əməliyyatı başladıqdan sonra ondan 30 sentyabr 2023-cü ilə qədər daha bir il qalması istənilib. “La Repubblica” yazır ki, ABŞ hakimiyyəti iyulda Vilnüsdə keçiriləcək NATO sammitində Yens Stoltenberqin səlahiyyətlərinin daha bir il, 2024-cü ilin yayına qədər uzadılması məsələsini qaldırmaq istəyir. Bu, 2019-cu ildə Avropa Komissiyasına rəhbərlik edən Ursula fon der Leyenin hazırkı vəzifəsi üçün nəzərdə tutulan beş illik müddəti başa vura bilməsini təmin etmək üçündür.
Qəzetin həmsöhbətlərinin fikrincə, fon der Leyen üçün NATO-nun baş katibi postu daha çox “B planı”dır, çünki o, hələ də ikinci müddətə Avropa Komissiyasının rəhbəri seçiləcəyini gözləyir. ABŞ üçünsə NATO-nun baş katibi postuna alternativ namizədlər, qəzetin yazdığı kimi, “o qədər də inandırıcı deyil”. Prezident Co Bayden hesab edir ki, alyansa ilk dəfə qadın rəhbərlik etməlidir və onun fikrincə, bu vəzifə üçün lazım olan təcrübə və xüsusiyyətlərə malik olan məhz Ursula fon der Leyendir.
Əvvəllər NATO baş katibi vəzifəsinə mümkün namizədlər arasında əsasən Mərkəzi və Şərqi Avropadan olan qadınlar, xüsusən Xorvatiyanın keçmiş prezidenti Kolinda Qrabar-Kitaroviç, Litvanın keçmiş prezidenti Dalia Qribauskayte, Estoniyanın keçmiş prezidenti Kersti Kalyulayd və Estoniya hökumətinin hazırkı rəhbəri Kaja Kallas namizəd hesab olunurdu. Mətbuatda adı çəkilən adlar arasında həmçinin Hollandiyanın baş naziri Mark Rutte, Kanada baş nazirinin müavini Kristia Friland, İngiltərənin keçmiş baş naziri Boris Conson da vardır.
//Samir Qurbanov,Editor.az