İnflyasiya səviyyəsinin 2022-ci ilin sonunda hədəf diapazonunun yuxarı həddinə, 2023-cü ildə isə hədəf diapazonunun mərkəzinə yaxınlaşacağı gözlənilir. Rusiya-Ukrayna müharibəsi qlobal qiymətlərdə yeni artım dalğasına səbəb olub və bu dalğanın Azərbaycana da təsiri qaçılmazdır. İnflyasiya amilləri üzrə təhlil göstərir ki, qiymət artımının birbaşa və dolayı olaraq yarısından çoxu xarici mənşəli amillərlə bağlıdır.
Məsələyə münasibət bildirən iqtisadçı ekspert Eldəniz Əmirov Editor.az-a açıqlamasında bildirdi ki, Rusiya və Ukrayna arasında olan müharibə dünyanın hər yerində, xüsusilədə həmin dövlətlərin ətrafında yerləşən ölkələrə öz təsirini göstərib:

“Eyni zamanda, Rusiya və Ukrayna ilə iqtisadi dövriyəsi yuxarı olan ölkələrlə əlaqələrin pisləşməsinə səbəb olub. Bundan təsirlənən ölkələr sırasına Azərbaycan da daxildir. Rusiya Azərbaycanın ixracda üçüncü, idxalda isə birinci ticarət tərəfdaşıdır”.
Ekspert qeyd edir ki, dünyada baş verən inflyasiya və Azərbaycanın da ciddi şəkildə idxaldan asılılığı bizdə də qiymətlərin daha yuxarı səviyyədə olmasına səbəb olub:
“Yerli bazarlarda bəzi təsərrüfat subyektlərinin qiymətlərin diqtə olunması kimi fürsətləri olduğu üçün artıq süni qiymət artımları da müşahidə olunur. Rəqabətin yoxluğu bugünkü vəziyyəti ortaya qoyur. Növbəti ildə də biz inflyasiyanın arzuolunmaz formasını görəcəyik. Amma inflyasiyanın bu ilki qədər sürəti müşahidə edilməyəcək. Növbəti ilin ortalarına doğru səngimə özünü göstərəcək”.
//Safura Bənnayeva, Editor.az

