Ağdaş rayonunda 1997-ci il təvəllüdlü şəxs yetkinlik yaşına çatmayan qızla cinsi əlaqədə olub.
Demokrat.az-ın əldə etdiyi məlumata görə, Tərxan 2004-cü il təvəllüdlü Sevdanın razılığı əsasında onunla yaşadığı evində ailə qurmaq məqsədi ilə mütəmadi olaraq cinsi əlaqədə olub.
İstintaq orqanı tərəfindən Tərxanın barəsində Cinayət Məcəlləsinin 152.1-ci (on altı yaşına çatmayan şəxslə cinsi əlaqədə olma və ya seksual xarakterli digər hərəkətlər etmə) maddəsi ilə ittiham elan edilib.
Onu barəsində olan cinayət işi baxılması üçün Ağdaş rayon Məhkəməsinə göndərilib. Cinayət işi hakim Cavid Sultanovun icraatında araşdırlıb.
Cinayət işi üzrə təqsirləndirilən şəxs qismində ifadə verən Tərxan elan olunmuş ittiham üzrə özünü təqsirli bilib. O, ifadəsində göstərib ki, əvvəllər məhkum olmayıb, heç bir ruhi-əsəb və digər xəstəliyi olmayıb: “Hazırda ailə qurduğum Sevda mənim qohumumdur. Onlarla ailəvi gediş-gəlişlərimiz olub. Sevda ilə bir-birimizi uzun müddətdir ki, sevmişik. Bu səbəbdən ailə qurmaq qərarına gəldik. Bu barədə ailə üzvlərimə də bildirdim. Ailə üzvlərimin də bu barədə razılığını aldıqdan sonra evlənmək qərarına gəldik”.
Təqsirləndirilən şəxsin sözlərinə görə, toyları olandan sonra onların evində yaşayıblar, dəfələrlə cinsi əlaqədə olublar: “Sevda ilə xoşbəxt ailə münasibətlərində yaşamışıq. Bizi ailə qurmağa heç kimin məcbur etməyib. Sevda mənimlə könüllü ailə qurub. Sevda ilə ailə quran zaman onun 16 yaşı tamam olmadığını bilmişəm”.
Cinayət işi üzrə zərərçəkmiş şəxs qismində ifadə verən Sevda bildirib ki, Tərxan tərəfindən bakirəliyi pozulub və ilk əvvəl hamilə qalmayıb: “Buna səbəb xəstəliyimin olması olub. Müalicə aldıqdan sonra hamilə qaldım. Rayon Mərkəzi Xəstəxanasında oğlan uşağı dünyaya gətirdim”.
Sevda uşaq dünyaya gətirəndən sonra polis 16 yaşına çatmayan qızın ərə getdiyini öyrənib. Bundan sonra Tərxanın barəsində cinayət işi başlanıb.
Məhkəmənin hökmü ilə Tərxanın barəsində Cinayət Məcəlləsinin 70-ci (şərti məhkum etmə) maddəsi tətbiq olunub. Ona 1 il sınaq müddəti olmaqla 1 il şərti cəza təyin olunub.

