“Yevlax görüşü Azərbaycanın Qarabağ üzərində suverenliyini təmin etməsinin ən mühüm mərhələlərindən biri oldu”.
Bunu Editor.az-a Azərbaycan Respublikası Prezidentinin Administrasiyasının dəvətiylə Azərbaycanın Qarabağ bölgəsinin erməni sakinlərinin nümayəndələri ilə Yevlax şəhərində baş tutan görüş, müzakirə məsələləri və ümumi nəticəni şərh edən siyasi şərhçi Abutalıb Səmədov bildirib.

Onun sözlərinə görə, 19 sentyabra qədər Qarabağ erməniləri bəyan edirdilər ki, Ağdam yolu ilə daşınan humanitar yardımlar yalnız xarici ölkələrin yardımları ola bilər:
“Bu yardımların daxilində Azərbaycan məhsullarının yer almayacağı ilə bağlı fikirlər səsləndirilirdi. Hətta daha kəskin mövqe tutaraq Azərbaycan tərkibində yaşamaqlarının mümkün olmadığını da vurğulayırdılar. Yevlax görüşündə artıq reinteqrasiya məsələləri müzakirə olunmağa, rəsmi Bakıdan müəyyən sahələr üzrə yardım istənilməyə başlandı. Sosial obyektlərin təmin edilməsi üçün təcili yardımlara ehtiyac olduğu bildirildi. Bütövlükdə görüşün gündəliyini Azərbaycan müəyyən etdi”.
Siyasi şərhçinin sözlərinə görə, birinci və ikinci görüşdə Qarabağ erməniləri öz gündəliklərini təqdim etməyə çalışsa da bu dəfə həmin proses baş tutmadı:
“Yevlax görüşü bir daha göstərdi ki, bundan sonra Qarabağı Ermənistana bağlamaq, hər il Ermənistan büdcəsindən Qarabağa dövlətlərarası kredit ayırmaq mümkün olmayacaq. Rəsmi Bakı buna imkan verməyəcək. Gələn ilin dövlət büdcəsi təsdiq olunarkən Qarabağın da yer alması şübhəsizdir. Qarabağa lazım olan yardımlar artıq Azərbaycan dövlət büdcəsindən ayrılacaq. Orada yaşayan erməni icması bir daha dərk etdi ki, onların Azərbaycandan ayrılmaq hərəkatına dünyada heç kim dəstək vermir. Tariximizin ən böyük qələbələrindən birini qazanmışıq. Bu proses böyük sürətlə davam edir. Qarabağ məsələsindən hakimiyyət uğrunda mübahisədə istifadə olunmasına son verilməlidir. Hər birimiz Azərbaycan hakimiyyətinin yanında olmalıyıq”.
//Safura Bənnayeva, Editor.az

