Yoluxanların SAYI ARTIR: “İnsanlarda yaranan arxayınlıq hissi yenidən pandemiyanı alovlandıra bilər”backend

Yoluxanların SAYI ARTIR: “İnsanlarda yaranan arxayınlıq hissi yenidən pandemiyanı alovlandıra bilər”

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Azərbaycanda koronavirusa yoluxanların sayında ciddi artım müşahidə edilir. Həkimlər bildirir ki, yoluxma sayının artması müxtəlif səbəblərdən qaynaqlanır.  Eyni zamanda, son günlər insanlarda koronavirusa qarşı mübarizədə sanki arxayınçılıq yaranıb. Müşahidələr göstərir ki, insanlar əvvəlki kimi gigiyena, ara məsafəsi kimi qaydalara ciddi əməl etmir.

Maraqlıdır, pandemiya yenidən alovlana bilərmi?

Məsələ ilə bağlı həkim-infeksionist  Nicat Əzimli  Editor.az-ın suallarını cavablandırıb.

Həkim bildirib ki, yoluxmalarda artımın səbəbi bir neçə amil ola bilər:

“Bir çox faktor burada əsas götürülə bilər. Bunlardan biri yay mövsümüdür. Belə ki, son aylarda istirahətlə bağlı səyahətlərin artması yoluxma sayının da artmasına səbəb oldu. Nəzərə alsaq ki, yay mövsümündə demək olar, bütün tələb və qadağalar yumşaldılmış və ya tamamilə ləğv edilmişdi, bu da özlüyündə artıma təsir göstərir”.

N. Əzimlinin sözlərinə görə, koronavirusun “Omikron” variantının son ortaya çıxan və yüksək yoluxuculuğu ilə fərqlənən subvariantları “BA.4″,” BA.5″ və “BA.2.75” də yoluxmalarda artıma əsas səbəblərdəndir:

“Bu variantların digər bir xüsusiyyəti də bir insanı təkrar-təkrar xəstələndirə bilməsidir. Bundan əlavə son dövrdə yaranan qənaətbəxş epidemik vəziyyətin insanlarda arxayınlıq hissi yaratması da qorunma tədbirlərinə və vaxtı çatmış revaksinasiyalara diqqətin azalmasına səbəb olub. Lakin, unutmaq olmaz ki, hələ də xəstəliyə yoluxma riski davam edir və bundan qorunmaq üçün lazımı tədbirləri görməliyik”.

//Gülnarə Abasova, Editor.az