Yoluxma sayı yenidən artıb: Qapanmalar gözlənilirmi?- Psixoloji təsirləri nələrdir?backend

Yoluxma sayı yenidən artıb: Qapanmalar gözlənilirmi?- Psixoloji təsirləri nələrdir?

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Yeni dərs ilinin başlamasına az qalıb. Karonavirus səbəbi ilə demək olar ki, 2 ilə yaxın bir vaxtda şagirdlər, tələbələr normal qaydada dərslərə qoşula bilmirdilər. Zərərləri bununla bitmir, sağlamlığımız üçün qoyulan məhdudiyyətlər bir çox insanda psixoloji sarsıntıların yaranmasına səbəb olub.

Yoluxma sayının yenidən artması ölkədə hər hansı qapanmanın olub-olmaması ilə bağlı sual yaradır.

Mövzu ilə bağlı Editor.az-a açıqlama verən həkim Zülfiqar Yusifov bildirdi ki, dərs ilinin açılması bu məsələ üçün xeyli narahatlıq verə bilər:

“Azərbaycanda və dünya ölkələrində korona virusa yoluxma halının cüzi də olsa artması tendensiyası müşahidə olunur. Bununla bağlı narahatlıqlar var. Bəzi ölkələrdə vətəndaşların əhəmiyyətli bir hissəsi maskadan istifadə etməkdə davam edir. Havaların dəyişməsi ilə bağlı bir qədər say tərkibində artım olması gözlənilən haldır. Amma burada qorunma tədbirlərinin həyata keçirilməsi olduqca vacibdir”.

Həkimin sözlərinə görə, iki ildən artıqdır ki, COVİD-19 təhlükəsi ilə üz-üzəyik və insanlar qorunma tədbirlərinə artıq bələddir:

“ Burada xüsusilə vacib olan məsələ odur ki, azsaylı xəstələr özləri-özlərini vaxtında təcrid etməlidir, yaxınlarını xəstəliyin olması ilə bağlı xəbərdar etməli, əhalinin sıx olduğu yerlərdə ünsiyyət məhdudlaşdırmalıdır. Burada vətəndaş məsuliyyətinə böyük ehtiyac var. Mümkün qədər gigiyena qaydalarına əməl olunmalı, əhalinin sıx toplaşdığı yerlərdən uzaq durulmalıdır. Məktəblər açıldıqdan sonra rəqəmlərdə artım müşahidə olunarsa, buna uyğun olaraq da tədbirlər görüləcək. Qapanmaya qədər müəyyən qərarlar qəbul edə bilərlər. Amma hələlik bu məsələ aktual  deyil, müəyyən qədər narahatedici rəqəmlər var ki, bunlar da dinamik müşahidədə saxlanılır və adekvat tədbirlər görülməkdədir”.

Məsələnin psixoloji cəhəti də olduqca maraqlıdır. İnsanlar hansı tədbirləri görməli, özlərini necə hazırlamalıdırlar?

Mövzu ilə bağlı psixoloq Gülnar Orucova bildirib ki,  koronavirusa yoluxma sayı get-gedə artır, amma insanlarda bununla bağlı heç bir qorxu, narahatçılıq yoxdur:

“ Çünki insanlar artıq bunun müalicəsi olan, sağalan, təhlükəsiz olduğunu qəbul ediblər. Bunu normal qrip xəstəliyi kimi görürlər. İnsanların həyatına  qoyulan qadağalar məsələn SMS, karantin, maska, peyvəndlərin tətbiqi və  onlara psixoloji travma verir. Azadlıqlarına qoyulan məhdudiyyətdən sarsılırlar. Övladını birinci sinifə aparmağa hazırlaşan valideynlər hansısa qadağanın olub-olmayacağı ilə bağlı fikirləşir, övladının gələcəyini düşünür. Bəziləri toy edəcək, amma onun narahatlığını da yaşayır və bir sıra problemlərlə üzləşirlər. İkincisi, biz hər şeyi problem kimi görsək o, ümumilikdə çox pis təsir edər.  Şagirdlər demək olar ki, 2 ildir normal qaydada məktəbə gedə bilmirlər. Bu hal da həmin şagirdlərdə bir sıra problemlərə yol açır”.

Psixoloqun sözlərinə görə, onlayn dərslər uşaqlarda fiziki cəhətdən onurğa sütunun əyilməsi və göz xəstəliklərinə gətirib çıxarır:

“Psixoloji cəhətdən dərsə həvəssizlik, etinasız yanaşma, müəllimi qeyri-ciddi qəbul etmə, nitq qabiliyyətinin zəifliyinə yol açır. Nitqin inkişafı internet üzərində deyil sırf canlı dərslərdə olur. Online dərslərə Azərbaycanın təhsil sistemi hələ də öyrəşməyib. Bu dərslərin istər müəllim, istərsə də şagirdlər tərəfindən dəfələrlə pozulmasının şahidi oluruq. Ona görə də onlayn dərslərin özünün də mənfi cəhətləri var.
İstər valideynlər, istərsə də şagirdlər başa düşməlidir ki, artıq dalğalar dəfələrlə olub və bizim bunu böyüdüb problem halına salmağımız lazım deyil. Məktəblər bağlansa belə valideynlər özlərini itirməməli, uşaqlarına lazımı qədər qayğı, diqqət, sevgi verməlidirlər. Şagirdlərin motivasiyası aşağı düşəcək bunu yüksək saxlamaq lazımdır. Məktəblər bağlansa belə müxtəlif dərnəklər fəaliyyət göstərir, canlı dərslərə qatılmalıdırlar”.
 
//Safura Bənnayeva, Editor.az