Yüksək qiymət, aşağı keyfiyyət: AZAL-ın fəaliyyəti ilə bağlı narazılıqlar davam edir- Problem yerindəcə qalırbackend

Yüksək qiymət, aşağı keyfiyyət: AZAL-ın fəaliyyəti ilə bağlı narazılıqlar davam edir- Problem yerindəcə qalır

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Xəbər verdiyimiz kimi, “Buta Airways” aviaşirkətinin İstanbul (Sabiha Gökçen aeroportu) – Bakı J2-9106 nömrəli reysinin uçuş saatı texniki səbəblərə görə gecikib.

Bildirilib ki, gecikmiş reysin sərnişinləri aviaşirkətin qaydalarına uyğun olaraq hotelə yerləşdiriləcək, qidalanma daxil olmaqla bütün lazımi vasitələrlə təmin ediləcəklər.

Tez-tez təkrarlanan bu cür problemlər isə “AZAL” və alt markası olan “Buta Airways” in fəaliyyəti ilə bağlı sualları yenidən gündəmə gətirir.

Məsələ ilə bağlı iqtisadçı ekspert Natiq Cəfərli Editor.az-a açıqlamasında bildirib ki, AZAL-ın fəaliyyəti ilə bağlı narazılıq artıq illərdir davam edir:

” Biletlərdə qiymət bahalığını dəfələrlə dilə gətirsək də problem yerindəcə qalır. Çünki problemin kökündə duran səbəblər dəyişmir. Ölkədə nə qədər ki, AZAL uçuşların, yerüstü xidmətlərin inhisarçısı olacaq, bu məsələlər həll edilməyəcək. Keyfiyyətli xidmətə nail olmaq və qiymətlərin tənzimlənməsi üçün rəqabət mühiti genişləndirilməlidir. Buna görə yerüstü xidmətlər AZAL-dan alınmalı, özəl şirkətlərə verilməlidir. Buna görə xarici aviaşirkətlərin Azərbaycana daxil olmasına şərait yaradılmalıdır. Yəni bir sözlə, inhisarçılığa son qoyulmalı, rəqabət mühitinə şərait yaradılmalıdır. Yalnız belə olduqda bu problemlər normal bazar qaydalarına uyğun öz həllini tapacaq. Rəqabət olan yerdə keyfiyyət yüksəlir, qiymətlər aşağı düşür”.

Nəqliyyat məsələləri üzrə ekspert Aslan Əsədov Editor.az-a bildirib ki, texniki nasazlıqla bağlı problemlər tez-tez baş verə bilər:

” Sözügedən məsələdə yalnız texniki heyətin səhlənkarlığından danışmaq doğru olmaz. Çünki təyyarənin enmə-qalxması zamanı mühərrikdə müəyyən qədər problemlər yarana bilər ki, bundan da heç kəs sığortalanmayıb. Təyyarələr uçuş öncəsi texniki baxışdan mütləq keçirilir və yüngül problem tezliklə aradan qaldırılır. Ancaq ciddi nasazlıq varsa, təyyarə reysdən çıxarılır və digəri ilə əvəz edilir. Ancaq AZAL-da qiymətlərin baha olması hər kəsi düşündürür. Buta fəaliyyətə başladıqdan sonra qiymətlərin daha münasib olması və ya digər kampaniyalar çərçivəsində ucuz və əlçatan bilet satışına rast gəlmək olur. Lakin AZAL-da qiymətlər, tariflər, subsidiyalar dövlət orqanları tərəfindən müəyyən olunur. Qonşu Gürcüstan, Türkiyədə bu barədə qiymətlər çox münasibdir. Hətta Tiflisdən Avropanın mərkəzi şəhərlərinə belə 50-60 avroya biletler tapa bilərik. Ancaq bizim ölkədə məsafədən aslı və ya aslı olmayaraq bu qiymətlər çox bahadır. O cümlədən daxili reyslərin fəaliyyətində müəyyən çatışmazlıqlar var. Bu istiqamətdə də ciddi işlər görülməlidir. Bu problemlər, eyni zamanda yüksək qiymət ölkə turizminin inkişafına ciddi şəkildə mənfi təsir göstərir. Turizmin başlıca meyarlarından biri qiymətlərin əlçatan olmasıdır. Çünki turizm potensialı bununla ölçülür”.

//Gülnarə Abasova, Editor.az