Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi (AAYDA) İdarə Heyətinin sədri Vüsal Nəsirlinin öz qaynına vəzifə verməsi haqda məlumat yayılıb. Bildirilir ki, onun əmrinə əsasən, qayını Məmmədəliyev Mahmud Məmməd oğlu sədrin müşaviri vəzifəsinə təyin edilib.
Globalinfo.az məsələ ilə bağlı AAYDA-ya sorğu ünvanlayıb.
Sorğumuza cavab olaraq bildirilib ki, deyilənlər həqiqəti əks etdirmir.
“Yanlış məlumatdır, onlar qohum deyillər”, – məlumatda bildirilib.
“Vətəndaşların əmək hüquqlarının müdafiəsi liqası”nın icraçı komitəsinin sədri, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında İctimai Şuranın üzvü Sahib Məmmədov Globalinfo.az-a bildirib ki, konkret olaraq hansı təşkilatda kimin qohumunun işlədiyi barədə məlumatı yoxdur:
“Ümumiyyətlə isə deyə bilərəm ki, korrupsiyaya qarşı mübarizə haqqında qanuna əsasən, vəzifəli şəxslər – qanunvericilikdə nəzərdə tutulmuş hallar istisna olmaqla öz yaxın qohumlarını tabeliyində olan vəzifələrə təyin edə bilməzlər. Əgər belə hal baş verərsə və bu fakt təsdiqlənərsə, 30 gün müddətində həmin şəxslə əmək münasibətlərinə xitam verilməlidir”.
S.Məmmədov qeyd edib ki, “yaxın qohumlar” anlayışı qanunvericilikdə ayrıca müəyyənləşdirilir:
“Qanunda yaxın qohumların kimlərdən ibarət olduğu göstərilir. Müxtəlif vəzifələr və hallardan asılı olaraq bu dairə fərqli şəkildə müəyyən oluna bilər. Lakin ümumi qayda belədir ki, “Korrupsiyaya qarşı mübarizə haqqında” qanunun 7-ci maddəsinə əsasən, vəzifəli şəxslər qohumlarını tabeliyində olan idarə və müəssisələrdə həm birbaşa, həm də struktur bölmələr vasitəsilə işə qəbul edə bilməzlər”.

