Rusiyalı qubernator müavininin Ukraynaya qarşı işğalda iştirak edən oğlu Ukrayna Silahlı Qüvvələri tərəfindən məhv edilib.
Bununla bağlı məlumat Ukrayna və Rusiya mətbuatında dərc edilib.
Xəbərdə deyilir ki, Nenets Muxtar Vilayəti qubernatorunun müavini Aleksandr Dudorovun oğlu Qeorqiy Dudorov Ukraynada gedən döyüşlərdə həlak olub. Rusiya İstintaq Komitəsinin kadet məktəbinin məzunu olan 23 yaşlı zabit Qeoqriy Dudorov Ukraynaya hücum edən desant rotalarından birində komandir müavini vəzifəsini daşıyıb. Xəbərdə müqavilə əsasında xidmət aparan Dudorovun artileriya zərbəsi nəticəsində həlak olduğu qeyd edilir.
Məlum olduğu kimi, Ukraynada minlərlə rusiyalı hərbçi məhv edilib. Lakin məhz qubernator müavininin oğlunun ölümü Rusiyada artıq hakimiyyətin əlində təbliğat alətinə çevrilib.
İstintaq Komitəsinin başçısı Aleksandr Bastrıkin Dudorovu(ölümündən sonra) medalla təltif edib, Rusiya Federasiya Şurası isə mərhumun ailəsinə hərtərəfli dəstək veriləcəyini bildirib. Federasiya Şurasının üzvü, senator Rimma Qaluşina hadisəylə bağlı xüsusi açıqlama ilə çıxış edib.
Əlbəttə ki, bu münasibət heç də Ukraynada həlak olmuş bütün rus əsgərlərinə və zabitlərinə göstərilmir. Təkcə onu qeyd etmək kifayətdir ki, hal-hazırda Ukrayna çöllərində sayı bilinməyən qədər rus əsgərlərinin meyitləri var və Rusiya tərəfi onları toplayıb vətənə qaytarmağa tələsən kimi görünmür…

