Yunanıstan 2026-cı ilin yayına qədər bütün lazımi avadanlıq və silah alışını tamamlayaraq tam hüquqlu hava hücumundan müdafiə sistemi qurmağı planlaşdırır.
Editor.az bu barədə Yunanıstan telekanalına istinadla məlumat yayıb. Telekanalın məlumatına görə, artıq Fransa, İsrail, Böyük Britaniya və ABŞ şirkətlərindən raket və digər zəruri hava hücumundan müdafiə vasitələrinin tədarükü üçün müsabiqə başlayıb.
Yunanıstanın milli müdafiə naziri Nikos Dendias Baş Qərargahın uzun müddətdir üzərində işlədiyi hava hücumundan müdafiə qübbəsi yaratmaqla ölkənin müdafiə qabiliyyətinin gücləndirilməsi planını baş nazir Kiriakos Mitsotakisə təqdim edib. Plana əsasən, hava hücumundan müdafiə sisteminin inkişafı bir neçə mərhələyə bölünür. Birinci mərhələ birbaşa Baş Qərargaha tabe olacaq və yeni sistemin bütün elementlərinin işini əlaqələndirəcək xüsusi hava hücumundan müdafiə komandanlığının yaradılmasını nəzərdə tutur. İkinci mərhələdə tərəfdaş ölkələrin şirkətlərinin təklifləri qiymətləndiriləcək və təkliflərin qiymətləndirilməsinin 2025-ci ilin ortalarına qədər başa çatdırılması planlaşdırılır. Üçüncü mərhələ, ilkin olaraq Yunanıstan-Türkiyə quru sərhədinə yaxın olan Evros bölgəsində sistemlərin qurulmasıdır.
//Gülnarə Abasova, Editor.az

