Yunanıstanın xarici işlər naziri Nikos Dendias Kiyevə səfəri zamanı Ukraynanın Türkiyə ilə yüksələn əlaqələrindən Afinanın narazılığına işarə edib.
Bu barədə iyulun 6-da Yunanıstanın «Katimerini» qəzeti xəbər verib.
Nikos Dendias ötən bazar ertəsi özünün ukraynalı həmkarı Dmitri Kuleba və Ukrayna parlamentinin spikeri Dmitri Razumkovla görüşüb. Ölkə Prezidenti Vladimir Zelenski ilə görüş son anda Prezidentin cədvəlinə edilən dəyişikliklə əlaqədar olaraq ləğv olunub.
Yunan nazir Kiyevdəki həmkarlarına bildirib ki, Ukraynanın ərazi bütövlüyünə hörmət olunmalıdır və qeyd edib ki, Afina bu günlərdə Qara dənizdə NATO tərəfindən keçirilən hərbi təlimlərdə iştirak edir. Ancaq Dendias deyib ki, «digər ölkələrdən fərqli olaraq, Ukrayna özünün Avropa İttifaqı (Aİ) ilə əlaqələrini möhkəmlətmək istədiyi bir vaxtda, blokun ümumi xarici siyasi qərarlarına qoşulmur, xüsusilə də bu, Aİ üzvü ölkələrin suverenliyinə və ərazi bütövlüyünə aid olanda ki, beynəlxalq hüquqla ziddiyyət təşkil edir.
Bununla yunan nazir birmənalı olaraq, Afinanın Kiyevlə Ankara arasında xeyli sıx münasibətlərin olmasından narahatlığına işarə vurub. Məlumdur ki, Yunanıstan son aylar Aİ çərçivəsində Türkiyəyə qarşı durmaq siyasəti aparır və bildirir ki, guya Türkiyə gəmiləri Avropa İttifaqının Şərqi Aralıq dənizindəki «istisnasız iqtisadi zonası»na və Kiprə soxulur.
«Biz, ümid edirik ki, Ukrayna tezliklə Avropanın xarici siyasətinə qoşulacaq» – Dendias Kyevdə qeyd edib.
Ukraynanın Prezidenti Vladimir Zelenski ötən bazar günü xəbər verib ki, Türkiyə Ukrayna üçün yeni hərbi gəmi tikintisinə başlayıb. Odessada dənizçilər qarşısında çıxışı zamanı o, bəyan edib ki, türkiyəli dostlar Ukrayna hərbi-dəniz qüvələrini (HDQ) fəal şəkildə dəstəkləyirlər.
Göründüyü kimi, özünün yaramaz xislətinə sadiq olan Yunanıstan Ukraynanın qonşu Türkiyə və Azərbaycanla yaxşı münasibətlər qurmasından qıcıqlanır və bunu sakit həzm edə bilmir. Nə deyəsən? Bu suala bir türk atalar məsəli ilə cavab vermək istərdik: «Qozbeli yalnız qəbir düzəldər…»
AzPolitika.info

