Yunanıstan Türkiyəyə qarşı təxribat xarakterli hərəkətləri dayandırmır. Editor.az xəbər verir ki, Afina “Tərksilah statusu” olan adalardakı təlimlərinə yenilərini əlavə edir. Yunan mətbuatı silahlı qüvvələrin Rodos, Meis və Lesbos adalarında təlimlərə hazırlaşdığını yazıb.
“Pentapostagma” xəbər saytı Yunanıstanın Rodos və Meis adaları arasında təlimlər keçirəcəyini açıqlayıb.
“Astrapi” adlanan təlimdə Yunanıstan donanması və hərbi hava qüvvələrinin hissələri iştirak edəcək. Dekabrın 10-dək davam etməsi planlaşdırılan təlimə “Heron” pilotsuz təyyarələri də qatılacaq.
Xəbərə görə, İsrail də Cənubi Kipr Rum Administrasiyasının qondarma FIR xəttini əhatə edən hava təlimi keçirəcək.
Yunan “Newsbomb” xəbər saytı isə quru qüvvələrinin Rodosda “Kollosos 22” adlı təlim keçirəcəyini yazır. Dekabrın 2-də keçiriləcək təlimə döyüş təyyarələrinin də qatılacağı gözlənilir.
Məqalədə Yunan və Misir əsgərlərinin Lesbosda təlim keçirməyi planlaşdırdığı xəbəri də yer alıb.
Lesbos 1923-cü ildə Lozanna müqaviləsi ilə, Rodos və Meis adaları isə 1947-ci ildə Paris müqaviləsi ilə “Tərksilah edilmiş” statusa malik idi.
//Samir Qurbanov, Editor.az



