Yuxusuzluq insult riskini 26 faiz artıra bilər — araşdırmabackend

Yuxusuzluq insult riskini 26 faiz artıra bilər — araşdırma

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Yuxusuzluqdan əziyyət çəkən insanlarda insult riski yuxu problemi olmayanlarla müqayisədə 26 faiz daha yüksək ola bilər.

Editor.az xəbər verir ki, bu nəticəyə Bolonya Nevrologiya Elmləri İnstitutunun alimləri gəlib. Araşdırmanın nəticələri Sleep Medicine Reviews elmi jurnalında dərc olunub.

Tədqiqatçılar MEDLINE və EMBASE daxil olmaqla iki böyük tibbi məlumat bazasındakı məlumatları təhlil edib, əvvəlki sistematik icmalların nəticələrini yeni araşdırmaların məlumatları ilə birləşdiriblər. İnsult riski ilə bağlı təhlilə 1,3 milyondan çox insanın məlumatları daxil edilib.

Nəticələrə əsasən, yuxusuzluq diaqnozu olan şəxslərdə insult keçirmə riski yuxu pozuntusu olmayan insanlara nisbətən 26 faiz yüksək olub. Bununla yanaşı, alimlər ayrı-ayrı tədqiqatların nəticələri arasında ciddi fərqlər olduğunu da qeyd ediblər.

Araşdırmada yuxu pozuntuları ilə xəstəxanaya yerləşdirilmə arasındakı əlaqə də qiymətləndirilib. Beş tədqiqatın məlumatları araşdırılıb, onlardan üçünün nəticələri meta-analizdə birləşdirilib. Təhlil yuxusuzluqdan əziyyət çəkən insanlarda hər hansı səbəbdən xəstəxanaya yerləşdirilmə ehtimalının 28 faiz daha yüksək olduğunu göstərib.

Alimlər yuxusuzluqla beyin və psixi sağlamlıqla bağlı bir sıra problemlər arasında da əlaqə müəyyən ediblər. Əvvəlki araşdırmaların böyük hissəsində yuxusuzluğun ümumi demensiya riskinin artması ilə əlaqəli olduğu göstərilsə də, ayrı-ayrı tədqiqatların nəticələri bir-birindən fərqlənib. Alzheimer xəstəliyi ilə bağlı əlaqə isə daha ardıcıl nəticələrlə müşahidə olunub. Damar mənşəli demensiya ilə bağlı məlumatlar isə birmənalı olmayıb.

Bundan başqa, yuxusuzluq depressiya və intihar davranışı ilə də əlaqələndirilib.

Tədqiqatın aparıcı müəllifi Luka Vinnyatelli bildirib ki, yuxusuzluq beyin fəaliyyətindəki pozuntuların və psixi sağlamlıq problemlərinin mühüm göstəricilərindən biri ola bilər. Tədqiqatçılar yuxu pozuntularının insanın ümumi sağlamlıq vəziyyəti qiymətləndirilərkən nəzərə alınmasının vacibliyini vurğulayıblar.

Bununla belə, alimlər qeyd edirlər ki, araşdırma yuxusuzluğun birbaşa olaraq insulta, demensiyaya və ya digər xəstəliklərə səbəb olduğunu sübut etmir. Təhlil yalnız bu hallar arasında statistik əlaqənin mövcudluğunu göstərir. Bundan əlavə, müxtəlif tədqiqatlarda yuxusuzluğun müəyyənləşdirilməsi üçün fərqli diaqnostik meyarlardan istifadə edilib və yuxu dərmanlarının mümkün təsiri ayrıca qiymətləndirilməyib.

Tibbi meyarlara əsasən, yuxusuzluq yuxuya getməkdə və ya yuxunu davam etdirməkdə çətinliklə xarakterizə olunur. Bu problemin xroniki yuxusuzluq hesab edilməsi üçün vəziyyət ən azı üç ay ərzində həftədə üç və ya daha çox dəfə müşahidə olunmalı, eyni zamanda gündəlik fəaliyyətə və insanın özünü necə hiss etməsinə mənfi təsir göstərməlidir.

Meta-analizin nəticələrinə görə, dünya əhalisinin təxminən 22 faizi yuxusuzluq üçün müəyyən edilmiş diaqnostik meyarlara uyğun gəlir.

//Gülnarə Abasova, Editor.az