Zahid Oruc: “Azərbaycan və Türkiyənin liderliyində türk dünyası daha da irəli gedəcək”backend

Zahid Oruc: “Azərbaycan və Türkiyənin liderliyində türk dünyası daha da irəli gedəcək”

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

“Türk Dövlətləri Parlament Assambleyasının növbəti nümayəndə heyəti ilə görüşdə Prezident İlham Əliyevin dilə gətirdiyi əsas strateji ideyalar ötən on il ərzində bu qurumun mühüm beynəlxalq status qazanması, strukturlaşması, formalaşması, aralarında koordinasiyanın dərinləşməsi, iqtisadi-sosial və digər sferalarda təməllərinin möhkəmlənməsi və gələcək əsas hədəflərinə xidmət edirdi”.

Oxu.Az xəbər verir ki, bu fikirləri Milli Məclisin İnsan hüquqları komitəsinin sədri Zahid Oruc Prezident İlham Əliyevin TÜRKPA-nın nümayəndə heyəti ilə görüşü zamanı çıxışını şərh edərkən deyib.

O bildirib ki, burada təmsil olunan ölkələrin əksəriyyəti keçmiş sovet məkanının bir hissəsi olublar:

“Vaxtilə onlar məcburən Türkiyəyə qarşı qoyulmuşdular. Onlar hətta müstəqillik illərində də regional və beynəlxalq tendensiyaların fonunda hazırkı birlikdə özlərinin mövqelərini çox fəal bir şəkildə ifadə etmirdilər. Burada açıq və aparıcı yeri Azərbaycan Prezidenti İlham Əliyev və Türkiyə dövlətinin başçısı Rəcəb Tayyib Ərdoğan tutdu. Biz deyə bilərik ki, XX əsrin əvvəllərində artıq bölgədə fəal bir şəkildə müxtəlif dövlətlər öz geosiyasi layihələrini həyata keçirəndə bu iki lider qeyd etdiyimiz bu hazırkı yüksəlişin ilk əsaslarını formalaşdırdılar. Onlar güclü iradə göstərdilər, doktrina və yeni konsepsiya istiqamətində əsas addımları atdılar. Hesab edirəm ki, zamanın sınağından çıxmaq baxımından da bu mövqe qalib gəldi.

Burada deyə bilərik ki, Qazaxıstanın, Özbəkistanın və digər dövlətlərin liderləri keçmiş zamanlarda, bəlkə də, bir qədər ehtiyatlı yanaşma nümayiş etdirirdilər. Ancaq illər ötdükcə artıq türkdilli deyil, türk dövlətləri kimi özünü regional və beynəlxalq aləmə təqdim, eləcə də təsdiq edən TÜRKPA regionda mövcud olan digər alternativ qurumlarla rəqabət aparmaq gücünü ortaya qoydu. O cümlədən xarici hücumlara dirəniş göstərmək, vahid mövqedən, beynəlxalq tədbirlərdə, təşkilatlarda bir-birinin müdafiəsini həyata keçirmək, xüsusilə də Vətən müharibəsində qələbədən sonra Azərbaycanın Qarabağ uğuru türk dövlətlərini də gücləndirdi. Qələbə türk dövlətinin beynəlxalq çəkisini artırdı və bu mənada o zəfər bütövlükdə türk birliyinə xidmət edən ən mühüm bir tarixi uğur kimi dəyərləndirilməlidir. Ona görə ki, müharibədən əvvəl bir çoxları xarici görüşlərdə, yaxud da hər hansı bir tədbirdə, konfransda, seminarda açıq deyirdilər ki, əgər türk dövlətlərinin gücü varsa, niyə Azərbaycanın əraziləri işğal altında qalıb?

Həm də regionda Türkiyənin maraqlarına zərbə vurmaq üçün tarixən həmişə Qarabağ məsələsindən yararlanıblar və bölgədə Azərbaycanı nə qədər basqıda saxlasalar, bir o qədər də Türkiyənin beynəlxalq mənafelərinin bundan ziyan çəkəcəyini, təklənəcəyini düşünüblər. Qarabağ zəfəri bütöv türk dünyasının qələbəsi kimi regional və beynəlxalq mənada yeni arxitekturanın quruculuğuna töhfə verdi. Azərbaycanın bu qalibiyyəti ilə Türkiyənin də bölgədə həm iqtisadi, həm siyasi, həm də hərbi baxımdan təmsilçiliyi artdı. Şuşa Bəyannaməsi bunun birbaşa simvoludur.

Biz düşünürük ki, ölkə rəhbərinin bu görüşlə həm də “Böyük Qayıdış”da, o cümlədən gələcəkdə regionda kommunikasiyaların çalışması mərhələsində türk dövlətləri arasında əlaqələri gücləndirəcəyi şübhə doğurmur”.

Zahid Oruc onu da qeyd edib ki, bu gün ölkə başçısının hazırkı beynəlxalq təhlükəsizlik böhranının yaşandığı bir şəraitdə dilə gətirdiyi mövqe bizim üçün təhlükəsizlik siyasətidir:

“Bu o deməkdir ki, türk dövlətləri birlikdə Şuşa Bəyannaməsi kimi öz mövqelərini bir az da irəliyə apararaq hərbi cəhətdən əməkdaşlıqlarını güclü qura bilərlər. Onların ordu birləşmələrinin formalaşması, yəni perspektivini biz real sayırıq. Çünki artıq Türkiyə və Azərbaycan, Türkiyə və Özbəkistan, Türkiyə və Qazaxıstan və digər dövlətlər, o cümlədən Azərbaycanın Qırğızıstan, Özbəkistan və Qazaxıstanla da hərbi əlaqələri inkişaf etməkdədir. Belə olan təqdirdə türk dövlətlərinin, yəni birgə ordu, silahlı qüvvələr, birgə əməliyyatlar, terrora qarşı mübarizədə birlikdə addım atmaları, hesab edirəm ki, türk dünyası üçün qəbul edilmiş 2040-cı ilə qədərki əsas strateji yol xəritəsinin də mühüm bir hissəsini təşkil etməlidir.

Hərçənd, qeyd etdiyimiz hərbi element o sənəddə nisbətən az ifadə olunub. Ona görə də “Böyük Qayıdış”da, Qarabağın bərpasında da bu dövlətlərin iştirak imkanları arta bilər. Əlbəttə ki, hər birinin müəyyən bir məktəbin, yaxud da digər oxşar profilli hansısa obyektin inşaat layihəsini üzərinə götürməsi təqdir olunur. Ancaq nəzərə alın, bu xalqlar 1,2 trilyon dollarlıq ÜDM-ə, 155 milyonluq əhaliyə və kifayət qədər böyük bir coğrafi əraziyə malikdirlər. Deyərdim ki, bəlkə də Çin boyda bir ərazidir. Onların dünya üçün, region üçün, bu dövlətlərin, xalqların gələcək inkişafı naminə birgə addımlar atmasını gördük. Yəni bu yaxınlarda vahid əlifba və bu istiqamətdə media imkanlarının birləşdirilməsi yönündə tədbirlər görülüb.

Ancaq elə hesab edirəm ki, bu, aşırı millətçilik, şovinizm üzərində ikinci, üçüncü xalqların, dövlətlərin və ya bu arealda yaşayan digər etnik toplumların mənafelərinə zərbə vurmağa yox, tam əksinə, onları inkişaf etdirməyə, irəliyə aparmağa xidmət edir. Ona görə də bu görüşləri biz əhəmiyyətli sayırıq və burada parlament diplomatiyaları böyük rol oynayır. Bir çox şadıq ki, bu tədbirlər həm də Qarabağda, azad torpaqlarda, Şuşada keçirilir. Elə hesab edirik ki, biz gələcəkdə artıq Azərbaycanın və Türkiyənin liderliyində türk dünyasının daha da irəli gedəcəyini görə biləcəyik”.