Azərbaycan müdafiə naziri, general-polkovnik Zakir Həsənov bir neçə gün əvvəl Türkiyəyə səfər etdi. O, İstanbul şəhərində keçirilən “IDEF – 23” 16-cı Beynəlxalq Müdafiə Sənayesi Sərgisində iştirak edib. Səfər çərçivəsində Z. Həsənov həmkarı Yaşar Gülərlə də görüşüb.
Öncə onu deyək ki, bu tip qarşılıqlı səfərlər hər şeydən əvvəl simvolik xarakterlidir. Nazirlərimizin qarşılıqlı səfərlərinin hər biri Bakı və Ankaranın daim bir-birinin yanında olduğunu göstərir. Bunu qarşılanmalar zamanı çəkilən fotolardakı səmimi görüntülər də təsdiqləyir. Yəni bizim səfərlərimiz digər ölkə nazirlərinin səfərlərindən fərqlənir.
Zakir Həsənovun Türkiyəyə səfəri bir sıra məqamlarla yadda qaldı. Azərbaycan Respublikası Müdafiə Nazirliyi ilə Türkiyə Respublikasının “TUSAŞ” şirkəti arasında Türkiyənin milli döyüş təyyarəsi olan “KAAN”ın təkmilləşdirilməsi ilə əməkdaşlıqla bağlı razılıq əldə olunub.
Bundan başqa, Azərbaycanın Su-25 təyyarələrinin Türkiyədə təkmilləşdirilməsi barədə müvafiq sənəd imzalanıb.
Z. Həsənov qardaş ölkədə Türkiyə KİV-inin suallarını da cavablandırıb. Nazir qeyd edib ki, Azərbaycanın Türkiyənin bir sıra silahları ilə maraqlandığını və qardaş ölkənin müdafiə sənayesindəki inkişafı diqqətlə izlədiyini bildirib. Hansı silahlardan söhbət getdiyi isə açıqlanmayıb.
Vətən müharibəsindən sonra Azərbaycan ordusu Türkiyə Silahlı Qüvvələrinin strukturuna bənzər formada təkmilləşdirilir və yenidən formalaşdırılır. Hər il bir neçə dəfə keçirilən ortaq hərbi təlimlər də buna kömək edir.
Azərbaycan ordusunun Türkiyə Silahlı Qüvvələri modelində təkmilləşdirilməsi, sözsüz ki, bizim Türkiyə silahlarına üstünlük verməyimizi zərurətə çevirir. Bu mənada düşünmək olar ki, yaxın gələcəkdə Türkiyədən daha çox silah alacağıq. Həmin silahlar arasında PUA-ların üstünlük təşkil edəcəyini indidən proqnozlaşdırmaq mümkündür. Çünki sözügedən texnikalar İkinci Qarabağ müharibəsində uğurla sınaqdan çıxdılar.
Gələcəkdə ortaq hərbi təlimlərin, o cümlədən xüsusi təyinatlı qüvvələrin təlimlərinin daha tez-tez keçirilməsi mümkündür. Bu isə təkcə hərbi yox, həm də siyasi əhəmiyyətlidir.
//Kənan Novruzov, Editor.az

