“Ukrayna prezidenti hərbi və idarəetmə sahəsində ciddi kadr dəyişiklikləri olacağını nəhayət, təsdiqlədi. Ukrayna Ordusunun Ali Baş Komandanı Valeri Zalujnının istefaya göndəriləcəyi barədə şayiələrə Volodimir Zelenski aydınlıq gətirdi. Bu şayiələr məlum olduğu kimi son günlər daha da intensivləşmişdi. Hətta bəzi mənbələr Prezidentin Zalujnı ilə görüş keçirdiyi və onun tezliklə istefaya göndəriləcəyi xəbərini generala şəxsən bildirdiyi barədə məlumatlar da verirdilər”.
Bu fikirləri Editor.az-a açıqlamasında Bakı Dövlət Universitetinin professoru, politoloq Əlimusa İbrahimov deyib.
Onun sözlərinə görə, Ukrayna prezidenti Volodimir Zelenski RİA televiziyasına verdiyi müsahibəsində bu məlumatları əsasən təsdiqləyib və Ukraynanın hərbi və siyasi rəhbərliyində ciddi kadr dəyişikliyi etməyi planlaşdırdığını bildirib:
” “Sıfırlama, yeni başlanğıc lazımdır” və söhbət “bir nəfərdən deyil, ölkə rəhbərliyinin kadr siyasətindən gedir”, – deyə Zelenski bildirib. “Mən bu dəyişikliklər haqqında düşünürəm” dedi, “amma burada söhbət sadəcə bir nəfərdən getmir.
2022-ci ilin fevralında Rusiyanın işğalından bir neçə ay əvvəl şəxsən Zelenski tərəfindən bu vəzifəyə təyin edilmiş Zalujnı hərbi kontingent və geniş əhali kütləsi arasında ciddi nüfuza malikdir. Bununla yanaşı, bütün müsahibələrində o, siyasi ambisiyalarının olması ilə bağlı iddiaları təkzib edib. Amma görünən budur ki, Zalujnının siyasi iddialarının olmaması barədə dedikləri Zelenskini qane etməyib və ya inandırmayıb. Çünki onun istefaya göndərilməsini həm də xalq arasında çox məşhur olması ilə əlaqələndirirlər. Onunla prezident arasında müharibənin aparılması ilə bağlı bir müddətdir ki, fikir ayrılığı yaranıb. Çünki silah-sursatın çatışmazlığı sonradan kadr azlığı ilə vəziyyəti ağırlaşdırıb. Zalujnı yeni səfərbərlik keçirmək və ordunu kadrlarla komplektləşdirmək istəyirsə, Zelenski bu ideyanı dəstəkləmir.
Belə isə bəs Zelenskinin bu addımı ataraq Zalujnını bu vaxta qədər istefaya göndərəməməsinin və ya göndərə bilməməsinin səbəbi nədir? Mütəxəssislər buna bir neçə səbəb göstərirlər: Zalujnı istefa tələbi və bunun müqabilində ona təklif olunan vəzifələri qəbul etməyib, Ukraynanın NATO üzrə müttəfiqləri Prezidentin bu ideyasını müsbət qarşılamayıb, onun yerinə uyğun namizəd tapılmayıb. Amma mənim gəldiyim qənaət ondan ibarətdir ki, Ali Baş Komandanı vəzifədən azad etmək haqqında qərarın tez-tələsik verildiyi barədə Zelenskiyə xəbərdarlıq olunub və o bu xəbərdarlığı qəbul edərək daha ciddi düşünməyin vacib olduğu qənaətinə gəlib. Zelenski hazırda bu istiqamətdə məsləhətləşmələr aparır. Onunla Zalujnı arasında mövcud olan gərgin vəziyyətdən çıxmağın yolları axtarılır. Elə həll yolu tapılmalıdır ki, qəbul edilən qərar cəbhədə vəziyyətin daha da pisləşməsinə gətirib çıxartmasın”.
//Gülnarə Abasova, Editor.az

