Martın 2-də rusların Zaporojyedə yaşayış binasına endirdiyi gecə zərbəsi nəticəsində azı 3 nəfər həlak olub.
Editor.az bildirir ki, Zaporojye Şəhər Şurasının katibi Anatoli Kurtev milli marafonun efirində deyib: “Hazırda axtarış-xilasetmə işləri aparılır. 3 nəfərin öldüyü artıq məlumdur. Səhər saat 8-də 11 nəfər xilas edilib”.
Şəhər Şurasının katibi xatırladıb ki, 31 nəfər təxliyə edilib və 7 nəfər xəstəxanaya yerləşdirilib: onlardan 3 nəfərin vəziyyəti çox ağır, 4 nəfərin, o cümlədən bir hamilə qadın vəziyyəti orta ağırdır. Kurtev qeyd edib ki, zərbələrin “S-300” raketlərindən endirildiyi məlumdur.
Bundan əlavə, 2 çoxmərtəbəli binaya ziyan dəyib – orada işıq və su təchizatı pozulub, şüşələr sınıb. Kurtevin sözlərinə görə, indi şəhərdə zərər çəkmiş sakinlərin köçürülməsi problemi var. O izah edib ki, bu, artıq ruslar tərəfindən dağıdılan 9-cu hündürmərtəbəli binadır. Bundan əlavə, şəhər 200 min miqrantı qəbul edib və mənzillə təmin edib.
Kurtev qeyd edib ki, miqrantlar daha da irəli getmək istəmirlər – onların hamısı yaşayış məntəqələrinin işğaldan azad olunmaq üzrə olduğunu və evlərinə qayıda biləcəklərini gözləyirlər.
//Samir Qurbanov, Editor.az