Azərbaycan televiziyalarında yayımı dayandırılan verilişlər siyahısında Zaur Kamalın ARB-də efirə gedən “Həmin Zaur”, Zaur Nəbioğlunun və Zaur Baxşəliyevin ATV-də yayımlanan “Rəngarəng” və “Bizimləsən” verilişləri də var.
Editor.az “Yeni Sabah”a istinadən xəbər verir ki, onlar adçəkilən verilişlərlə ötən gün sonuncu dəfə tamaşaçı qarşısına çıxıblar.
Proqramları dayandırılan hər üç aparıcının adının Zaur olması sosial mediada müzakirələrə səbəb olub.
Ümumiyyətlə, aparıcıların hər üçü efirdə etdikləri davranışlara görə tez-tez gündəmə gəlirdilər. Zaur Kamal və Zaur Nəbioğlunun efirə çağırdığı qonaqlara qarşı alçaldıcı davranışları diqqətlərdən yayınmırdı. Zaur Baxşəliyevin isə “Bizimləsən” verilişinə qatılan kasıb və təhsilsiz adamları lağ hədəfinə çevrilməsi hər zaman sosial mediada ciddi narazılıqlara səbəb olurdu.
Qeyd edək ki, son vaxtlar efirlərdə aşağı səviyyəli və etik normaların pozulması ilə bağlı gedən müzakirələr, efirin həddən artıq bayağılaşması ciddi narazılıqlara səbəb olub. Bununla bağlı bir neçə verilişin yayımı dayandırılıb.

