“Məlum olduğu kimi, İkinci Qarabağ müharibəsi başa çatdıqdan sonra Azərbaycan hakimiyyəti Ermənistana müraciət edərək sülh danışıqlarına başlamağı təklif etdi. Ermənistan rəhbərliyi əvvəlcə prosesdən yayınmaq üçün müxtəlif bəhanələr uydurdu, daha sonra danışıqlara başlamaq üçün ilkin şərtlər irəli sürdü. Həmin şərtlərdən biri də Azərbaycan-Ermənistan sərhədində KTMT, və ya ATƏT-in müşahidə missiyasının yerləşdirilməsi idi. Sonradan qərb ölkələri tərəfindən Ermənistana zəruri “qulaq burması” verilərək bu şərtlərdən imtina edildi. Bununla da danışıqlar başladı, baza prinsiplər qəbul edildi. Həmin vaxtlarda Rusiya KTMT-nin müşahidə missiyasının sərhəddə yerləşdirilməsi məsələsinə heç bir reaksiya vermədi”.
Bunu Editor.az-a siyasi şərhçi Abutalıb Səmədov Rusiya Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Mariya Zaxarovanın brifinqdə çıxışı zamanı “KTMT missiyasının Ermənistanda yerləşdirilməsi Ermənistan-Azərbaycan sərhədindəki vəziyyətin sabitləşməsinə əhəmiyyətli töhfə verərdi. Top Ermənistanın tərəfindədir”-deyə səsləndirdiyi fikirlərə münasibət bildirərkən deyib.

Onun sözlərinə görə, Aİ missiyasının əvvəlcə qısa müddətli, daha sonra 2 il ərzində Ermənistanda yerləşdirilməsi rəsmi Moskvada çox ciddi narazılıqla qarşılandı: ” Artıq Kanada da bu missiyaya qoşulmaq istəyini ifadə edib və digər ölkələrin də belə istəyinin olması istisna edilmir. Bu da Rusiyanın narazılığına səbəb olur və nəyin hesabına olursa, olsun Azərbaycan-Ermənistan şərti sərhədində KTMT müşahidəçilərini yerləşdirməyə çalışır. İndi də Ermənistan bu müraciətlərə əhəmiyyət vermir. Çünki anlayır ki, Aİ missiyasının heç bir nəticə vermədiyi kimi KTMT-dən də xeyir gəlməyəcək. Ancaq Rusiya israr etməkdə davam edir. Bunun da əsas məqsədi mütləq şəkildə missiyanı Ermənistan ərazisinə yerləşdirməkdir. Digər məqsəd isə Ermənistan əhalisinin bir hissəsini rəsmi İrəvana qarşı qaldırmaqdır”.
Siyasi şərhçi indiki halda bu missiyanın fəaliyyətinə ehtiyac olmadığını düşünür:
“Rəsmi Moskvanın bu addımları sülh danışıqlarının gedişatını pozmağa yönəlib. Bu gün Rusiya əvvəlki dövrlərdə olduğu kimi vasitəçilik missiyasını tamamilə ələ almaq imkanından məhrumdur. Rusiya XİN-in son bəyanatı da onun nə qədər acınacaqlı durumda olduğunu bir daha nümayiş etdirdi. Son illər Moskvada və digər şəhərlərdə Rusiya, Azərbaycan və Ermənistan təmsilçilərinin çoxsaylı görüşləri keçirildi. Lakin heç vaxt bu görüşlər Xarici İşlər Nazirliyinin bəyanat verməsi ilə bir növ açıq məktub dərc etməsi ilə təşkil olunmayıb. Görünür bu cür çağırış ictimai rəyə təsir etmək məqsədi güdür. Xüsusilə də Ermənistan daxilində ictimai rəyi Nikol Paşinyan əleyhinə formalaşdırmaq istəyi var. Bu gün nə KTMT, nə də Aİ missiyasına ehtiyac var. Normal danışıqlara və qısa müddətdə sülh sazişini imzalamağa ehtiyac var “.
//Safura Bənnayeva, Editor.az

