Zaxarova etiraf etdi:”Sülhün əldə olunmasında pozucu tərəf Ermənistandır”-ŞƏRHbackend

Zaxarova etiraf etdi:”Sülhün əldə olunmasında pozucu tərəf Ermənistandır”-ŞƏRH

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

“Mariya Zaxarovanın həmin bəyanatı iki məsələ ilə əlaqədardır”.

Bunu Editor.az-a siyasi şərhçi Abutalıb Səmədov Rusiya Xarici İşlər Nazirliyinin mətbuat xidmətinin rəhbəri Mariya Zaxarovanın Azərbaycan və Ermənistan arasında münasibətlərin normallaşması prosesi barədə danışarkən qeyd etdiyi “Biz İrəvanı üçtərəfli formatda fəaliyyətdən geri çəkilməməyə çağırırıq. Onların fəaliyyətindəki fasilələr regiondakı vəziyyətə mənfi təsir göstərir və vəziyyətin gərginləşməsinə gətirib çıxarır”-fikirlərinə münasibət bildirərkən deyib.

Onun sözlərinə görə, Ermənistanda 44 günlük Vətən müharibəsində məğlubiyyəti araşdıran kommisiyanın iclasında Ermənistan baş naziri Nikol Paşinyan ifadə verib:

“Öz ifadəsində məğlubiyyətin səbəblərini açmağa çalışıb. O, iddia edib ki, Ermənistanın İkinci Qarabağ müharibəsində məğlubiyyətinin səbəblərindən biri də Rusiyanın tutduğu mövqe olub. Ermənistanın müttəfiqi, təhlükəsizliyinin zəmanəti kimi Rusiya öz vəzifələrini icra etməyib. Rəsmi İrəvana lazımı yardım göstərilməyib, tələb olunan silahlar verilməyib, hər dəfə Ermənistan rəhbərliyinin müraciətlərinə başdansovdu cavablar verilib. Paşinyanın üzərində dayandığı növbəti məqam Rusiyanın müharibənin gedişində aparılan sülh danışıqlarında tutduğu mövqe ilə bağlıdır. Burada da rəsmi Moskvanı günahlandırır. Xüsusilə də 19 oktyabr 2020-ci ildə Vladimir Putinin təqdim etdiyi razılaşmanın baş tutmamasında da Rusiyanı təqsirkar bilir. Müharibədən 1 həftə sonra Putin bu barədə geniş müsahibə vermiş, açıq şəkildə Ermənistan liderini danışıqları pozmaqda günahlandırmışdı. O dövrdə cavab vermək cəsarəti olmayan Paşinyan aradan 3 ilə yaxın vaxt keçdikdən sonra Rusiya liderinə cavab vermək qərarına gəlib. Bu bəyanatlara cavab olaraq Mariya Zaxarova da Paşinyana müraciətlə başa salmağa çalışır ki, belə tarixi ekskursiyalar yalnız Ermənistana ziyan verə bilər. Bu gün bütün diqqət sülh danışıqlarına yönəldilməlidir və 2020-ci ilin 10 noyabrda imzalanmış üçtərəfli bəyanatın icrası dönmədən təmin olunmalıdır”.

Siyasi şərhçinin fikrincə, həm Rusiya, həm ABŞ, həm də Avropa İttifaqı yaxşı bilir ki, üçtərəfli danışıqları pozmağa çalışan, sülh sazişinin imzalanmasını ləngidən tərəf Ermənistandır:

” Bu Rusiyanın maraqlarına cavab versə də bəzi məqamlarda rəsmi İrəvanı günahlandırmaq üçün həmin arqumentdən istifadə etməyi zəruri sayır. Ermənistan parlamentinin sədri Alen Simonyan da açıqlamasında qeyd etdi ki, əgər Qarabağ ermənilərinin təhlükəsizliyini beynəlxalq mexanizmlər əsasında təmin edilməsini tələb etməsəydik sülh sazişi bu günə qədər 3-4 dəfə imzalanardı. Yəni açıq şəkildə etiraf edir ki, əsas maneə Ermənistanın tutduğu mövqe və onun ədalətsiz, beynəlxalq hüquqa zidd tələbləridir. Azərbaycanın suverenliyini qəbul edən İrəvan, ərazilərimizlə bağlı bu cür tələblər qoymamalıdır. Heç rəsmi Bakı da bu tələbləri qəbul etmir “.

A.Səmədov qeyd edir ki, Maria Zaxarova öz açıqlamasında Paşinyana məsləhət görüb ki, danışıqları bu cür açıq-aşkar pozmaq cəhdlərini davam etdirməsin:

“Rusiyanın vasitəçiliyi ilə keçirilən görüşlərdə aktiv şəkildə iştirak etməyə çalışsın. Bunun üçün də nəyin bahasına olursa olsun, sülh sazişini öz vasitəçiliyi ilə imzalatmağa çalışır. Burada əsas maneə də Ermənistanın prosesləri ləngitməsi ilə əlaqədardır. Bu bəyanatın Azərbaycan-Ermənistan danışıqlarına çox da ciddi təsir edəcəyini güman etmirəm. Ancaq Rusiyanın bu mövqeyi ortaya qoyması bir daha bütün dünyaya nümayiş etdirdi ki, sülh danışıqlarını pozan, prosesləri ləngitmək üçün əlindən gələni edən hansı ölkədir. İlin sonuna qədər sülh müqaviləsinin imzalanmasına nail olmaq üçün pozucu tərəf olan Ermənistana güclü dövlətlər tərəfindən təzyiqlər göstərilməlidir. Hələlik Rusiyanın təzyiqlərindən biri kimi Zaxarova bu bəyanatı verib. ABŞ-da bu məsələdə kifayət qədər kəskin mövqe tutur. Dəfələrlə Amerika rəsmiləri Paşinyana çox ciddi iradlarını bildiriblər. Ümid edirik ki, bu cür bəyanatlar sülh sazişinin imzalanmasına öz müsbət təsirini göstərəcək”.

//Safura Bənnayeva, Editor.az