“Zəfər paradından ötən 3 ildə Azərbaycan daha da güclənib”-Millət vəkilibackend

“Zəfər paradından ötən 3 ildə Azərbaycan daha da güclənib”-Millət vəkili

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

“Üç il əvvəl Azərbaycan yeni nəsil müharibənin qalibi kimi tarix yazdı. Böyük Qələbəmizdən sonra Azadlıq meydanında keçirilən Zəfər paradı isə növbəti tarixi hadisə idi. Müzəffər Ali Baş Komandan İlham Əliyevin də bəyan etdiyi kimi,”Azadlıq meydanında paradlar çox keçirilib. Ancaq bu paradın xüsusi önəmi var. Bu, Zəfər paradıdır. Bu, tarixi hadisədir.”

Bu sözləri Editor.az-a açıqlamasında Milli Məclisin deputatı Könül Nurullayeva deyib.

Millət vəkili bildirib ki, laradda nümayiş etdirilən silahlar bütün dünya mətbuatının gündəmi oldu:

“Azərbaycan ordusunun yeni, altıncı korpusunun yaradıldığı məlum oldu. Bu isə yeni ordu korpusu, ondan çox yeni hərbi hissənin komplektləşdirilməsi demək idi. Zəfər paradının ən önəmli məqamlarından biri qardaş Türkiyənin Prezidenti Rəcəb Tayyib Ərdoğanın bu təntənəli mərasimdə iştirakı idi. Bu, bir daha sübut etdi ki, Türkiyə bütün imkanları ilə azərbaycanlı qardaşlarının yanındadır. Ərdoğan da paradda qeyd etdi ki, “Türkiyə olaraq Azərbaycan ilə münasibətlərimizdə özümüzə hər zaman böyük lider Heydər Əliyevin “Bir millət, iki dövlət” şüarını rəhbər tutduq. Qazi Mustafa Kamal Atatürkün dəqiq ifadəsi ilə Azərbaycanın kədərini kədərimiz, sevincini sevincimiz bildik. Bu anlayışla Qarabağı otuz il boyunca sinəmizdə yara etdik. Bu gün də bu yaranın sağalmasının sevincini paylaşmaq, bu şanlı zəfəri birlikdə qeyd etmək üçün aranızdayıq.”

K.Nurullayevanın sözlərinə görə, Müzəffər Ali baş komandan İlham Əliyev Zəfər paradında bəyan edib ki, Azərbaycan bundan sonra ancaq və ancaq irəli gedəcək:

“Son 3 il ərzində Azərbaycan öz sərhədlərində möhkəmlənib, işğaldan azad olunmuş ərazilərin genişmiqyaslı bərpası davam edir. Azərbaycan son 3 ildə ərazi bütövlüyünü və suverenliyini də tam təmin etdi.
44 günlük Vətən müharibəsində Azərbaycan siyasi-diplomatik-hərbi gücünü dünyaya nümayiş etdirdiyi kimi, postmünaqişə dövründə də qüvvələr nisbəti yenə Azərbaycanın xeyrinədir.

Azərbaycan ordusu düşməni döyüş meydanında darmadağın etdi. “Keçilməz” Ohanyan səddi, məğlubedilməz erməni mifi dağıldı. Ermənistan ordusu 10 mindən artıq fərarisi ilə yadda qaldı. Amma Azərbaycan hərbçisi döyüş meydanından bir addım belə geri çəkilmədi. Yaralı əsgər və zabitlərimiz hərbi hospitallarda, xəstəxanalarda tezliklə sağalaraq, döyüş meydanına qayıdırdılar. Bu isə Azərbaycan xalqının böyüklüyü, yüksək mənəvi ruhun göstəricisi idi. Məhz bu əzmin, böyüklüyün nəticəsində Azərbaycan son 3 ildə 2 zəfər paradı keçirdi. 2023-cü il noyabrın 8-də Xankəndidə keçirilən parad da Azərbaycanın daha da gücləndiyini bir daha təsdiqlədi”.

//Gülnarə Abasova, Editor.az