
Bakı Dövlət Universitetinin Coğrafiya fakültəsinin müəllimi ç.ü.f.d Gülnarə Əhmədova
Yayın qızmar istiləri bu il nəfəsimizi yandırdıqca səbrsizliklə payızın gəlişini gözləyirdik. Nəhayət sentyabr ayı gəldi və təsəllimiz o oldu ki, əvvəli isti keçsə də getdikcə havalar sərinləyəcək. Lakin heç düşünmədik ki, sentyabr tam iki il əvvəl bir başqa sentyabr olmuşdu. Heç düşünmədik ki, sentyabrdan başlayaraq neçə-neçə evlərin çırağı söndü. Minlərlə ailələr hələ də sarsıntı içindədirlər. Neçə-neçə körpələr şəhid olmuş atalarının qəbr daşlarını qucaqlayıb qaldılar, neçə-neçə ata-ananın dərddən beli büküldü, hətta bu dərdə dözməyib həyata vida edənlər də oldu. Neçə-neçə gəlinlər başsız qaldı. Əlbəttə bu ağrı-acılarımızı yazmaqla bitirə bilmərik. Və bu ağrılar bizi nə qədər incitsə də artıq başımızı dik tutaraq biz QALİB GƏLDİK deyə bilirik. Məhz Ali Baş Komandanımızın başçılığı və igid ogullarımızın şücaəti nəticəsində biz qələbə çaldıq.
30 il sonra nəhayət Qarabağ yağı düşmənin tapdağından azad olundu. 30 il…rahat deyirik , rahat yazırıq bu rəqəmi elə deyilmi? Bir düşünək bu uzun müddət ərzində elindən-obasından didərgin düşmüş əhali nələr yaşadı, əsirlikdə olmazın zülmlərini çəkənlər görəsən sağmıdır, bir tikə çörəyə görə yardıma möhtac olanlara nə dərəcədə dəstək ola bildik? Hansı birini deyək ki? Öz ölkəsində qaçqındır deyib lağa qoyulanlar da az olmadı. Lakin onlar hər şeyə dözdülər, ümüdlə yaşadılar ki, gec-tez öz yurdlarına qayıdacaqlar. Daha acınacaqlısı isə ordan cavan yaşda çıxan birinın artıq yaşlanaraq geri dönməsidir. Bütün gəncliyi-cavanlığı tar-mar oldu o insanların. Nə qədər insan bu illərdə yurd həsrətinə dözməyib bu dünyadan nisgilli getdilər. Bu gün isə hər bir qarabağlı artıq rahat nəfəs alır ki, doğma el-obaları artıq azad olunub. Nəinki məcburi köçkünlərimiz, bütün xalq inanırdı ki, bu gün mütləq gələcək. Biz ölkə rəhbərimizə, möhtərəm prezidentimizə və Azərbaycanın igid-ərən oğullarına tam arxayın idik.
Bizlər gözümüzü açandan Qələbə gününü 9 may tarixində qeyd edirdik. Hansı ki, bu tarixdə Böyük Vətən müharibəsi faşizm üzərində qələbə ilə başa çatmışdır. Təbii ki, bu müharibədə də bizim çox sayda oğullarımız həlak olmuşdur və bu müharibədə qələbənin qazanılmasında Azərbaycanın , onun neftinin böyük rolu olduğu heç kimə sirr deyil. İndi isə bizim öz Qələbə günümüz, Zəfər günümüz var. Şəhidlərimizin, qazilərimizin bizə bəxş etdiyi günümüz var. Bizim nəsil bu müddətdə iki dəfə müharibə görmüş oldu. Hər zaman işlətdiyim bir cümlə var: Qarabağ savaşı 70-lərin gəncliyini, 80-lərin uşaqlığını , 90-ların isə körpəliyini əlindən aldı. Məhz həmin o 90-ların qanı-canı bahasına biz Zəfər çaldıq. Necə deyərlər qucaqda gələn körpələr tank belində əsgər kimi geri döndülər. 9 may Qələbə günü ilə 8 noyabr Zəfər gününün hisslərini heç müqayisə etməyə dəyməz. 8 noyabr artıq müstəqil Azərbaycanın zəfər günüdür.
Uzun zamandır televiziyaya baxmayan biri kimi 27 sentyabr 2020-ci il tarixindən ta ki, müharibə bitən günə qədər gecə-gündüz televizorun qarşısında idim. Hələ də Müdafiə Nazirliyinin mətbuat xidmətinin rəisi Anar Eyvazovun titrək səslə verdiyi müsahibə, İctimai Televiziyanın xəbər aparıcısı Jalə Həsənlinin sevinc göz yaşları ilə bizlərə verdiyi ilk qələbə xəbəri gözlərim önündən çəkilmir. Milyonların artıq dillər əzbərinə çevrilən möhtərəm prezidentimiz İlham Əliyev cənablarının çıxışları bizdə bir başqa ruh yüksəkliyi yaratmışdı. Təsadüfi deyildir ki, həmin ərəfələrdə 85-90 faiz istifadəçi Tvitter hesabını məhz İ.Əliyevin paylaşacağı müjdələrə görə açmışdı. Bəli məhz prezidentimiz həm amiranə, həm də baməzə dolu çıxışları ilə bütün xalqa verdiyi sözü tutdu. Bizim alnımızdan nəhayət o ləkə götürüldü. İçimizdəki xainlər bu qələbəmizə kölgə salmaq istəsələr də bacarmadılar. Çünki xalq öz rəhbərinə hər zaman etibar edib və edəcək.
Uzun illərdən sonra Şuşada silsilə tədbirlərin keçirilməsi bir başqa duygudur. Biz Şuşanı azad etməklə həm də Pənahəli xanın, Xan qızı Natəvanın, Üzeyir bəyin, Vaqifin, Bülbülün ruhun azad etdik. Həmçinin digər ərazilərimizi azad etməklə oralarda narahat , didərgin halda ora-bura çırpılan ruhları sakitləşdirdik. Təbii ki, bizim Xocalı, Xankəndi və Xocavənd yaramız var. Biz əminik ki, bütün ərazilərimizə tez bir zamanda qovuşacağıq. Niyə Xocalı hələ bizdə deyil, niyə biz Xankəndinə gedə bilmirik deyənlər lütfən qələbəmizi, zəfərimizi küçümsəməyin. Bu cür sözlərlə, fikirlərlə şəhidlərimizin ruhunu incidirsiniz, qazilərimizin yaralarını qanadırsınız. Etməyin-eləməyin bunu. Qəhrəman oğullarımız biz məğrur halda gəzək deyə canlarından keçərək işğal sözünü sildilər. Artıq biz bu gün ölkədən kənarda da rahat, dik, alnıaçıq gəzirik və fəxrlə mən azərbaycanlıyam deyirik. Çünki biz bütün dünyaya kim olduğumuzu sübut etdik.
Bəli artıq payızdır, havalar soyuyub. Bu payız bir başqa payızdı. Artıq burnumuza bir daha barıt qoxusu gəlməməsi ümüdi ilə 44 gün ərzində qazanılan Zəfər tariximizin iki ili mübarək.
QARABAĞ AZƏRBAYCANDIR!!!

