“Zəfər yolumuz məhz Cəbrayılın azad olunmasından keçdi”- Millət vəkilibackend

“Zəfər yolumuz məhz Cəbrayılın azad olunmasından keçdi”- Millət vəkili

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

“Bildiyimiz kimi Cəbrayıl rayonu 1993-cü il avqustun 23-də Ermənistan Silahlı Qüvvələri tərəfindən işğal edilmişdi. İşğal olunanda Cəbrayıl rayonunda 1 şəhər, 4 qəsəbə və 97 kənd mövcud idi. Aparılan araşdırmalar zamanı məlum olub ki, erməni işğalı altında olduğu zamanda Cəbrayıl rayonuna 13,928 milyard ABŞ dolları məbləğində ziyan dəyib. Birinci Qarabağ müharibəsi zamanı erməni mənfurları tərəfindən 362 nəfər yerli sakin şəhid edilib. 30 ilə yaxın bir müddətdə cəbrayıllı məcburi köçkünlər respublikanın 58 rayonunun 2000-dək yaşayış məntəqəsində, o cümlədən qaçqın düşərgələrində, yük vaqonlarında və yataqxanalarda məskunlaşdılar. Bu məsələylə bağlı beynəlxalq qurumlar dəfələrlə həmin ərazilərdə olub, məcburi köçkünlərin yaşayış şəraitini yaxından görsələr də, heç bir nəticə verən tədbir görülmədi”.

Bu fikirləri Editor.az-a açıqlamasında Milli Məclisin deputatı Müşfiq Cəfərov deyib.

Millət vəkili bildirib ki, 2020-ci il 4 oktyabr Cəbrayıl rayonu işğaldan azad olundu:

“Bu əlamətdar tarix idi. Çünki Cəbrayıl əməliyyatının əhəmiyyəti, eyni zamanda, ondan ibarət idi ki, Cəbrayıl azad olunandan sonra o vaxt işğal altında olan bizim digər rayonlara uğurlu əks hücumumuz mümkün olmuşdur. İşğala son qoyma əməliyyatı da Böyük Qayıdış da ilk olaraq Cəbrayıldan başladı. Bu gün Azərbaycan dövləti Cəbrayıl da daxil olmaqla, bütün Qarabağda quruculuq işləri həyata keçirir. Mərhələli şəkildə isə yerli sakinlər doğma yurdlarına qayıdır. 2016-ci il Aprel döyüşlərində Cəbrayılın bir neçə vacib yüksəkliyi azad olunmuşdu ki, bu 2020-ci il 44 günlük müharibədəki Zəfərin başlanğıcı oldu. Zəfər yolumuz məhz Cəbrayılın azad olunmasından keçdi. Rəşadətli Azərbaycan ordusu bu missiyanı şərəflə yerinə yetirib, 2016-cı ildə yarım qalmış zəfəri 2020-ci il də tamamladı”.

//Gülnarə Abasova, Editor.az