Zəfərimizə kölgə salmaq istəyənlərə qarşı birləşməliyik!backend

Zəfərimizə kölgə salmaq istəyənlərə qarşı birləşməliyik!

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

“8 noyabr – Zəfər Günü ölkəmizdə olduğu kimi, xarici ölkələrdə də təntənə ilə qeyd ediləcək. Bu gün bütün dünya azəraycanlıları və onların dostu olan xalqların, ölkələrin ortaq bayramıdır. Bu ifadəni əbəs yerə qeyd etmirəm. Məsələ ondadır ki, bu gün ölkə xaricində keçiriləcək Zəfər Günü tədbirləri ermənilərin təxribatlarına məruz qala bilər. Xüsusilə erməni lobbisi və diasporunun dünyanın müxtəlif regionlarında etiraz aksiyaları keçirəcəyi Zəfər Gününə kölgə salmağa çalışacağı məlumdur. Təsadüfi deyil ki, Qarabağ klanı bu gün İrəvanda Baş nazir Nikol Paşinyan əleyhinə mitinq keçirəcəyini elan edib və eyni zamanda xarici ölkələrdəki tərəfdarlarını da küçələrə çıxmağa səsləyib”.

Bu sözləri Editor.az-a açıqlamasında siyasi analitik Turan Rzayev deyib.

Onun sözlərinə görə Qarabağ klanı bununla bir daha Ermənistanın 44 günlük müharibədə üzləşdiyi məğlubiyyətin məsuliyyətini Paşinyan administrasiyasının üzərinə ataraq erməni xalqının yaralarından istifadə edib, ölkə daxilində və xaricində revanşizm duyğularını oynadaraq öz nüfuzunu artırmağa çalışacaq:

“Bu istiqamətdə Qarabağ klanına xüsusilə terrorçu Daşnaksütun partiyası və onun xaricdəki büroları, həmçinin erməni lobbisi dəstək verəcək. Ehtimal ki, etiraz aksiyaları ABŞ, Fransa, Almaniya, Hollandiya və s. ölkələrdə daha qabarıq şəkildə özünü büruzə verəcək”.

Siyasi şərhçi bildirib ki, İrəvandakı mitinqlərin hədəfinin Baş nazir Nikol Paşinyan olacağı məlumdur. Xarici ölkələrdəki yürüşlərdə etirazın hədəfi isə Azərbaycan olacaq:

“Buna görə də Azərbaycanın xarici ölkələrdəki səfirlikləri və soydaşlarımız xüsusilə diqqətli olmalıdır. Çünki ermənilər səfirliklərimizin qarşısında da toplaşacaqlar. Bundan başqa, sivil qaydada Zəfər Gününü qeyd etmək istəyəcək xaricdə yaşayan soydaşlarımıza qarşı ermənilərin provokasiyaları, hətta hücumları da ola bilər. Ermənilərin ehtimal hücumlarının qarşısı alınmalıdır. Bu istiqamətdə xaricdə yaşayan soydaşlarımızn Zəfər Günü tədbirlərini maksimum dərəcədə çox iştirakçı, qonaqlar ilə qeyd etməlidir. Yəni xaricdə keçiriləcək Zəfər Günü tədbriləri daha güclü diaspor və lobbi fəaliyyəti olan dost ölkələr və onların xaricdə yaşayan vətəndaşlarının iştirakı ilə birlikdə keçirilə bilər. Bu həm xarici ölkələrdə keçiriləcək Zəfər Günü tədbirlərinə həmin ölkələrin mediasının diqqətini çəkəcək, həm bizə say üstünlüyü verəcək, həm də ehtimal erməni təxribatlarının qarşısını almış olacaq. Misal üçün Almaniya, Avstriya və Hollandiyada keçiriləcək Zəfər Günü tədbirləri bu ölkədəki Türkiyə diasporu ilə ortaq keçirilə bilər. Çünki qeyd olunan ölkələrdə həm türk nüfuzu çoxdur, həm də türk diasporu daha güclüdür. Rusiyada keçiriləcək Zəfər Günü tədbirlərinə isə xüsusilə bu ölkədəki türk-müsəlman xalqların diasporu, diplomatları, mədəniyyət xadimləri dəvət edilə bilər. Belə olacağı təqdirdə erməni təxribatlarının qarşısı tam olaraq alınmasa da effekti azala bilər”.

Turan Rzayev qeyd edib ki, Zəfər Günü təkcə Azərbaycan xalqının deyil, həm də bu zəfərə siyasi, diplomatik, iqtisadi dəstək verən dost, qardaş strateji tərəfdaş ölkələrin də zəfəridir:

“Sabah Zəfər günümüzlə bağlı sosial media platformalarında maksimum paylaşım edib dünya trendinə düşməliyik. Zəhmət olmasa ətrafımızda hər kəsi, xaricdə yaşayan dostlarımızı da bizə dəstək olmağa çağıraq. Paylaşımlar artıq 8 noyabr 00:00-dan başlanacaq. Facebook, tvitter, instagram, tiktok, youtube üzərindən maksimum paylaşımlar edilsin”.

//Gülnarə Abasova, Editor.az