Zelenski niyə danışıqlardan qaçır? – Mühüm səbəbbackend

Zelenski niyə danışıqlardan qaçır? – Mühüm səbəb

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Rusiyanın Ukraynaya təcavüzünün 100 günü üçün görünən budur: hərbi anlamda “pat” vəziyyəti yaranıb, Kreml Ukraynanı işğal edə bilmədi, bilməyəcək də, amma Ukraynanın da hərbi anlamda Krım qarışıq öz torpaqlarını Rusiya işğalından azad etməsi mümkünsüzdür.

Axar.az xəbər verir ki, bu sözləri ReAL İdarə Heyətinin üzvü Natiq Cəfərli qeyd edib.

Onun fikrincə, bu səbəbdən danışıqlar yaxın zamanda yenidən başlayacaq:

“Sadəcə hər iki tərəf hərbi sahədə üstünlük qazanıb, sonra masaya oturmaq istəyir:

1) Rusiya qondarma “dxr/lxr”in inzibati sərhədlərinə çıxmaq və Xerson, Zaporojye vilayətlərinin işğalını davam etdirmək istəyir;

2) Ukrayna isə həm Dombasda bacardıqca mane olmağa, həm də masaya oturana qədər Xerson və Zaporojye vilayətlərini işğaldan azad etməyə çalışır.

Əgər masaya qədər Rusiya istədiyinə nail olsa, o zaman bizim də başımıza gələn “7 rayon” hekayəsi təkrarlana bilər – atəşkəs elanı, illərlə davam edən mənasız danışıqlar, Kremlin, “Krımı, “dxr/lxr”i tanıyın, Xersondan, Zaporojyedən çıxaq” nağılları başlayacaq, Moskva 90-larda Ermənistanın əli ilə bizə qarşı necə plan qurmuşdusa, eyni şeyi Ukraynada etməyə çalışacaq”.

Ekspert bildirib ki, buna görə Ukrayna bu gün haqlı olaraq danışıqlardan imtina edir:

“Masa qurulana qədər rəsmi Kiyev məhz Xerson və Zaporojye vilayətlərinin böyük hissəsini, ya da tamamını işğaldan azad etməyə çalışacaq. Doğru olan da budur, masaya zəif oturmaq münaqişəni uzun müddət “donduracaq”, Ukraynada heç vaxt sabitlik olmayacaq.

Bütün bunları nəzərə alaraq bizim sosial şəbəkələrdə və mediada da zaman-zaman “ABŞ sülh istəmir, Qərb Ukraynanı danışıqlar aparmağa qoymur”, kimi “solovyov-skabeyavavari” tezislər səsləndirilir. İnsanlar anlamır ki, bu gün Zelenski danışıqlara razı olsa, vəzifəsini dərhal itirə bilər. Ümumiyyətlə, Ukraynada indiki Kreml şərtləri ilə masaya otura biləcək siyasətçi yoxdur, eləsini xalq, cəmiyyət qəbul etməz-edə bilməz. Ona görə də danışıqları indiki şərtlərlə məhz Ukrayna istəmir, “Qərbin diktəsi ilə Kiyev danışığa getmir” tezisi mənasızdır.

Amma bütün müharibələr əvvəl-axır məhz sülh danışıqları ilə nəticələnir, məhz masada bitir. Əgər yaxın aylarda, payıza qədər Ukrayna Xerson və Zaporojye vilayətlərinin böyük bir hissəsini işğaldan azad edə bilsə, bu həm Rusiyanı ayıldacaq, həm də danışıqlarda Kiyevin üstünlüyünü saxlayacaq.

Məncə, iki ölkənin hərbi prioriteti fərqlənir – Rusiya “dxr/lxr”in sərhəddinə çıxmağı əsas hədəf sayır, Ukrayna isə məhz cənubu təmizləməyi əsas vəzifə hesab edir. Ona görə də Ukraynaya daxil olacaq ağır silahları biz Donbasdan daha çox məhz Xerson/Zaparojyedə görə bilərik və bu silahlar Ukraynaın masaya güclü oturması üçün həlledici ola bilər”.