Ukrayna prezidenti Volodimir Zelenski deyib ki, Kiyevdəki hakimiyyət Rusiya lideri Vladimir Putini amerikalılardan və Ağ Evdəki Donald Trampdan daha yaxşı başa düşür.
Editor.az xəbər verir ki, o, bu barədə ABC telekanalına müsahibəsində bildirib.
“Prezident Trampa bütün hörmətimlə, hesab edirəm ki, bu, sadəcə onun şəxsi fikridir [Rusiyanın sülhə hazır olması haqqında]. İnanın, biz rusları, rusların mentalitetini amerikalıların rusları başa düşməsindən qat-qat yaxşı başa düşürük”, – Zelenski deyib.
Onun sözlərinə görə, Rusiya hərbi əməliyyatları dayandırmağa hazır deyil.
İyunun 4-də Putin Trampla telefonla danışıb və Rusiya-Ukrayna münaqişəsini və İstanbuldakı son danışıqları müzakirə edib. Rusiya lideri Kiyevi danışıqlar prosesini pozmağa çalışmaqda ittiham edib və həmçinin hazırkı Ukrayna rejiminin “sülhə ehtiyacı olmadığına” əminliyini ifadə edib.
Trampın özü Putinə zəng etdiyini və iki lider arasında söhbətin 1 saat 15 dəqiqə davam etdiyini bildirib. Ağ Ev rəhbəri həmçinin Rusiya prezidenti ilə görüşün müsbət olduğunu, lakin “dərhal sülhə gətirib çıxaracaq söhbət olmadığını” deyib.
//Gülnarə Abasova, Editor.az