Səudiyyə Ərəbistanına elan olunmamış səfər edən Ukrayna Prezidenti Vladimir Zelenski ölkənin vəliəhd şahzadəsi Məhəmməd bin Salman Əl Səudla “təhlükəsizlik əməkdaşlığı”, xüsusən də “hava məkanının qorunması” barədə müqavilə imzalamağı planlaşdırır.
Məlumatı AFP xəbər agentliyi yüksək vəzifəli bir məmura istinadən yayıb.
Zelenski özü Səudiyyə Ərəbistanına səfəri barədə Telegram kanalında yazıb: “Səudiyyə Ərəbistanına gəldim. Vacib görüşlər planlaşdırılır. Dəstəyi qiymətləndiririk və təhlükəsizlik üçün bizimlə işləməyə hazır olanları dəstəkləyirik”. Yazıda Ukrayna liderinin ölkədə hansı görüşlər keçirəcəyi dəqiqləşdirilməyib. AFP həmçinin ölkələr arasında mümkün razılaşma barədə ətraflı məlumat verməyib.
Lakin Bloomberg iki ölkə arasında hava hücumundan müdafiə sahəsində qarşılıqlı əməkdaşlığa dair müqavilə imzalanacağına dair məlumat yayıb. Eyni zamanda Zelenskinin digər Körfəz ölkələrinə də gedəcəyi gözlənilir.
Musavat.com

