“Vladimir Putinin Volodimir Zelenskinin qeyri-legitim olması ilə bağlı söylədiyi fikirlər absurddur. Dünyanın heç bir ölkəsində müharibə gedərkən hərbi vəziyyətin elan olunduğu şəraitdə seçki keçirilmir. Bu baxımdan sadəcə olaraq Putinin bu açıqlamaları Ukraynaya təzyiq və danışıqlar masasında əlini güclü tutmaq məqsədi daşıyırdı. Məhz Ukrayna Parlamentinin də son qərarı bu iddiaları bir daha puça çıxartdı. Belə ki, Ukrayna Ali Radası Zelenskinin səlahiyyətlərini təsdiqlədi. Hərbi vəziyyət bitənə və savaş dayanana qədər onun səlahiyyətlərinin legitim olduğu bir daha təsdiqləndi”.
Bunu Editor.az-a açıqlamasında politoloq Oqtay Qasımov deyib.

Onun sözlərinə görə, Vladimir Putinin Zelenskinin səlahiyyətlərinin legitimliyi ilə bağlı söylədiyi fikirlərin hüquqi əsası yoxdur:
“Bu sadəcə olaraq siyasi manipulyasiya idi. Putin Zelenskinin bu qədər dirəniş göstərəcəyini və mövqeyinin sərt olacağını gözləmədiyinə görə ona şəxsən qəzəblidir. Əslində Zelenskinin savaş başladığı dövrdən göstərdiyi iradə və güclü müqavimət potensialı Putinin planlarını pozub. Bu baxımdan Vladimir Putin onun legitimliyini qəbul etmək məcburiyyətindədir. Nəzərə alsaq ki, ABŞ prezidenti Donald Tramp da Zelenski ilə bağlı söylədiyi “diktator”, “qeyri-legitim” kimi fikirlərini geri götürüb. Artıq Zelenskiyə qarşı bu tip ifadələrdən istifadə olunmur. Putin həm də bu fikirlərində müəyyən qədər ABŞ-ın da fikirlərini nəzərə almaq məcburiyyətindədir. Yəni, Putin çox yaxşı anlayır ki, gələcək danışıqlarda Zelenski ilə üz-üzə oturmaq məcburiyyətindədir. Buna görə də Putin prosesin irəliləməsi üçün Zelenskinin legitimliyini tanıdı”.
//Gülnarə Abasova, Editor.az

