Zəngəzur dəhlizi Aİ-nın gündəmində: “Azərbaycanın sülh təşəbbüsləri nəticə verir”backend

Zəngəzur dəhlizi Aİ-nın gündəmində: “Azərbaycanın sülh təşəbbüsləri nəticə verir”

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

44 günlük Vətən Müharibəsindən sonra regiondakı geosiyasi mənzərə köklü dəyişikliklərə uğrayıb. Azərbaycan yeni reallıqları formalaşdıraraq, ticarət və nəqliyyat sahəsində strateji imkanlarını genişləndirməkdədir. Bu proses, həm də Avropa İttifaqı kimi beynəlxalq aktorların regiona yanaşmalarını yenidən nəzərdən keçirməsinə səbəb olub. Sülh gündəliyi və regional əməkdaşlıq təşəbbüsləri, xüsusən Zəngəzur dəhlizinin açılması, Azərbaycan üçün həm iqtisadi, həm də diplomatik əhəmiyyət kəsb edir.

Milli Məclisin deputatı Azər Badamov Editor.az-a açıqlamasında bildirib ki, 44 günlük Vətən Müharibəsindən sonra Avropa İttifaqı regionda yaranan yeni reallıqları dərhal qəbul etmək istəmirdi:

“Azərbaycan dövləti mövqeyini dəyişməyərək, yaratdığımız sülh və əməkdaşlıq gündəliyini dünya tərəfindən qəbul etdirdi. 8 avqustda Vaşinqtonda imzalanan sazişlər və paraflanmış sülh gündəliyi Avropa İttifaqını regiona baxışını dəyişməyə məcbur etdi. Zəngəzur dəhlizinin Ermənistandan keçən seqmentinin TRİPP layihəsi adlandırılması və ABŞ-ın bu dəhlizin açılmasında israrlı olması da Aİ-nın hərəkətə keçməsinə səbəb oldu. Avropa İttifaqı son dövrlərdə regionda sülhün təmin olunmasında daha aktiv rol oynamağa başlayıb. Marta Kosun Azərbaycan və Ermənistan arasında sülhün mümkünlüyü barədə açıqlamaları, həmçinin Zəngəzur dəhlizinin açılması üçün Aİ, Azərbaycan, Türkiyə və Ermənistan arasında 4 formatlı platformanın yaradılması təşəbbüsü bunun nümunəsidir. Azərbaycan və Ermənistan sülh gündəliyinin inkişafını ikitərəfli formatda davam etdirir, lakin Aİ-nin dəstəyi regionda sülh və təhlükəsizliyin təmin olunmasını sürətləndirəcək”.

Deputat bildirib ki, Zəngəzur dəhlizi hazırda Avropa İttifaqı ilə Çin arasında ticarət-iqtisadi əməkdaşlığın genişləndirilməsi üçün ən təhlükəsiz və rentabelli marşrut hesab olunur. Bu baxımdan, sülh gündəliyinin Aİ tərəfindən dəstəklənməsi həm də dəhlizin açılmasını sürətləndirəcək.

// Gülnarə Abasova, Editor.az