“Zəngəzur dəhlizi ilə bağlı proses əvvəl-axır Azərbaycanın tələblərinə uyğun yerinə yetiriləcək”- ŞƏRHbackend

“Zəngəzur dəhlizi ilə bağlı proses əvvəl-axır Azərbaycanın tələblərinə uyğun yerinə yetiriləcək”- ŞƏRH

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

“Zəngəzur dəhlizi ilə bağlı maddənin sülh sazişi layihəsindən çıxarılması bölgədə yeni proseslərə yol açsa da Ermənistanla Azərbaycan arasında danışıqlar prosesinə mənfi təsir göstərən amillərdən biri deyil. Nəzərə almaq lazımdır ki, bu günə qədər iki ölkə arasında sülh danışıqlarına ən böyük əngəli Ermənistan tərəfi törədib”.

Bu sözləri Editor.az-a açıqlamasında politoloq Tural İsmayılov Zəngəzur dəhlizi ilə bağlı maddənin sülh sazişi layihəsindən çıxarılması məsələsinə münasibət bildirərkən deyib.

Politoloqun sözlərinə görə, İrəvan etdiyi müxtəlif provokasiyalarla danışıqların ölü nöqtədən tərpənməyinə heç bir təkan verməyib, əksinə prosesləri ləngitməklə məşğul olub:

“Həm Ermənistanın müxtəlif təxribatları, həm də onun havadarlarının bölgə ilə bağlı yanlış siyasətləri nəticəsində nəinki Azərbaycanla Ermənistan arasında yekun sülh sazişi bağlı ciddi irəliləyişlər var, əksinə Ermənistanın hər gün daha da silahlandırıldığını və bölgədə sülh əleyhinə sabotajçı qüvvə kimi ondan istifadə edildiyini görürük. Digər bir tərəfdən nəzərə almalıyıq ki, Zəngəzur dəhlizi Ermənistanın bir dövlət olaraq 10 noyabr bəyanatında üzərinə götürdüyü öhdəlikdir. Bu gün nə qədər ki, Ermənistan hakimiyyəti, ictimai-siyasi camiyası bu prosesdən boyun qaçırtmağa və ya müxtəlif kontekslərdə manipulyasiya etməyə çalışsa da reallıq dediklərimizdən ibarətdir. Bu baxımdan Zəngəzur dəhlizi ilə bağlı məsələ əvvəl-axır Azərbaycanın tələblərinə uyğun yerinə yetirilməlidir. Sadəcə olaraq rəsmi Bakı növbəti dəfə böyüklük göstərib dövlət etikası nümayiş etdirərək danışıqlar prosesinin dalana dirənməməsi üçün  belə bir addım atıb. Ancaq bu o demək deyil ki, Zəngəzur məsələsi arxa plana keçib. Bununla Azərbaycan növbəti dəfə nümayiş etdirmiş olur ki, bütün kompromislərə və səmimi niyyətlərinə rəğmən onun qarşısında sülhlə bağlı mesajlar verib praktikada sülh prosesini sabotaj edən bir dövlət dayanıb”.

//Gülnarə Abasova, Editor.az