Zəngəzur dəhlizi niyə İranın qırmızı cizgisidir? – Səbəblər AÇIQLANDIbackend

Zəngəzur dəhlizi niyə İranın qırmızı cizgisidir? – Səbəblər AÇIQLANDI

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

İranın xarici işlər naziri Hüseyn Əmir Abdullahian deyib ki, Tehranla Bakı arasında gərginliyin ictimaiyyətə açıq olan mərhələsi başa çatıb.İran XİN rəhbəri Azərbaycanın Xarici İşlər naziri Ceyhun Bayramovla təmaslarının olmasına diqqət çəkib: “Ölkələr arasında mövcud problemlər tədricən həll olunacaq. İranın hazırkı hökuməti qonşu ölkələrlə münasibətlərin inkişafına yönəlib”.

Rəsmi Bakı isə iranlı nazirin bu bəyanatına reaksiya verməyib.

Politoloq Azər Qasımov Editor.az-a açıqlamasında bildirib ki, İran XİN-nin verdiyi bəyanat süni şəkildə şişirdilib, gündəmə gətirilən problemin həll olunduğunu isbat etmir:

“Həqiqətən də Zəngəzur dəhlizi İran üçün ölüm-qalım məsələsidir və onların qırmızı cizgisidir. Hərçənd ki, bu qırmızı cizginin adını İran tərəfi Ermənistan sərhədlərinin dəyişdirilməməsinə şamil edirdi, amma mahiyyətcə bu, İranın özü üçün həyati əhəmiyyət kəsb edir. Zəngəzur dəhlizi İran üçün daha çox vacibdir, nəinki Ermənistan üçün. Bunun başlıca səbəbləri çox deyilib, amma əsas deyilməyən səbəb narko və kontrabanda trafikidir. Məlum olduğu kimi İran 40 ildən çoxdur ki, sanksiyalar altındadır. 1979-cu ildən molla rejimi hakimiyyətə gələndən sonra Amerika səfirliyinə hücumla terrorçuluğa görə başlayan sanksiyalar, hal-hazırda nüvə silahı istehsalına cəhdə görə illərdir ki, davam edir. Buna baxmayaraq İran rejimi özlərinin dili ilə desək: “ölkədən kənarda altı ordu saxlayır”. Bu “ordular” isə dünya miqyasında terror qruplaşmaları kimi tanınır. İndi belə bir sual ortaya çıxır ki, bu “orduları” İran hansı vəsaitlə saxlayır. Təbii ki, narko və kontrabanda alverindən gələn vəsaitlə. Bunun reallaşmasına da trafik lazımdır ki, bunu da Zəngəzur dəhlizindən keçməklə Ermənistan vasitəsilə Qara dənizə və Avropaya çıxmaqla edir. İndi aydın olur ki, niyə bu dəhliz məsələsi İran üçün həyati əhəmiyyət kəsb edir və qırmızı cizgiləridir”.

Politoloqun sözlərinə görə, Zəngəzur dəhlizinin açılması barədə yaxın aylarda qarşılıqlı müqavilələrin bağlanması gündəmdədir və müsbət mesajlar gəlir:

“Hesab edirəm ki, bundan sonra ən azı bir-iki ilə bu dəhliz çəkilib istifadəyə veriləcək. İranın Zəngəzur dəhlizinin açılmasına indi olduğu kimi kəskin reaksiya göstərəcəyi, hətta hərbi güc göstərməsi də mümkündür. Amma bu, boş və mənasız işlərdir. İran rejimi bununla ətraf ölkələrin qəzəbini öz üzərinə cəlb edəcək və rejimin sonunun başlanğıcını qoyacaq. İran əgər normal dövlət kimi özünü aparsa, təbii ki, bu, regionun bütün ölkələri üçün faydalı bir fəaliyyət olacaq. Zəngəzur dəhlizi bütün ətraf ölkələrin, ilk növbədə İranın özünün blokadadan çıxmasına səbəb olacaq ki, artıq narko və kontrabanda kimi kirli işlərə baş qoşmaqla İran dövlətinin tarixdən gələn min illik adının kirlənməsinə səbəb olmayacaq. Dünya birliyi də İrana qarşı olan mənfi mövqeyini dəyişərək onunla çəkinmədən əməkdaşlıq etməyə başlayacaq”.

//Gülnarə Abasova, Editor.az