“Zəngəzur dəhlizi: Qapını kim açırsa, açsın…”backend

“Zəngəzur dəhlizi: Qapını kim açırsa, açsın…”

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

“Türkiyə dövlət rəsmilərinin Azərbaycan və Ermənistan arasında sülh müqaviləsinin paraflanmasını alqışladığı bir vaxtda, müəyyən ictimaiyyət nümayəndələrinin bu məsələdə narahatlıq ifadə etməsi təbii haldır. Bəzi siyasi icmalçılar, xüsusilə ABŞ-ın həm prosesin təşkilatçısı və vasitəçisi olması, həm də Zəngəzur dəhlizinə nəzarət məsələsində ehtiyatlı yanaşırlar. Bu narahatlıq daha çox ABŞ-a qarşı mənfi mövqedə olanlar və qatı türkçülük baxışına sahib qruplar arasında müşahidə olunur”.

Bu fikirləri Editor.az-a açıqlamasında politoloq Azər Qasımov deyib.

O bildirib ki, bu yanaşmanı müəyyən mənada anlamaq olar:

“ABŞ-ın beynəlxalq arenadakı reputasiyası birmənalı deyil. Digər tərəfdən, Cənubi Qafqaz regionunda dəhlizə qarşı çıxan maraqlı qüvvələrin birbaşa bölgədə yerləşməsi vəziyyəti çətinləşdirir. Azərbaycan və Ermənistanın bu qüvvələrə qarşı durmaq imkanları olsa da bu risklidir.

Bu səbəbdən, bölgəyə həmin qüvvələrin çəkindiyi bir gücün gəlməsi zəruri idi və bu, ABŞ-dan başqa heç kim ola bilməzdi. ABŞ-ın regiona gəlişi həm risklər yaradır, həm də onlara qarşı durmaq imkanlarını artırır. Burada əsas həqiqət ondan ibarətdir ki, ABŞ-ın bölgədə olması Türkiyə–Azərbaycan tandeminin dərin geosiyasi düşüncəsinin nəticəsidir”.

“Bizim üçün əsas məsələ maneəsiz dəhlizin açılmasıdır. Bu dəhliz həm Azərbaycanın Naxçıvanla, həm də Türkiyə ilə əlaqəsini təmin edəcək. Üstəlik, bu yol Türk dünyasının birləşməsinə də töhfə verəcək. Yolu Tramp, yaxud başqa adla adlandırmağın isə bizim üçün fərqi yoxdur. Geosiyasi oyunları qoy ABŞ başqaları ilə oynasın — biz öz strateji məqsədimizə çatırıq”,- deyə A.Qasımov bildirib.

//Gülnarə Abasova, Editor.az