Zəngəzur dəhlizi ətrafında beynəlxalq maraqların yenidən formalaşması regionda geosiyasi balansın dəyişdiyini göstərir. Xüsusilə Avropa İttifaqının mövqeyində baş verən yumşalma və yeni razılaşmalar Bakı-Brüssel münasibətlərində yeni mərhələnin başlaya biləcəyinə işarə edir. Politoloqlar hesab edirlər ki, yaranmış şərait Avropa İttifaqının Zəngəzur dəhlizinə münasibətində dönüş nöqtəsi ola bilər.
Politoloq Asif Nərimanlı Editor.az-a açıqlamasında bildirib ki, rəsmi Bakı əvvəldən Avropa İttifaqının Zəngəzur dəhlizinin açılması prosesində iştirakına maraqlı olduğunu açıq şəkildə ifadə edib:
“Zəngəzur dəhlizi əslində Şərq–Qərb nəqliyyat dəhlizinin əsas həlqələrindən biri olacaq. Burada söhbət Orta Dəhlizin tam şəkildə işə düşməsindən gedir. Avropa İttifaqı üçün də bu marşrut olduqca cəlbedicidir. Çindən Avropaya daşınan yüklərin Mərkəzi Asiya–Azərbaycan–Türkiyə xətti ilə hərəkəti məhz Orta Dəhlizin strateji əhəmiyyətini artırır”.
Politoloqun sözlərinə görə, Avropa İttifaqı uzun müddət bu dəhlizdə Rusiyanın iştirakına qarşı çıxıb:
“10 noyabr razılaşmasına əsasən, Zəngəzur dəhlizində Rusiyanın iştirakı nəzərdə tutulurdu və bu, Avropa İttifaqı tərəfindən qəbul edilmirdi. Bu səbəbdən Aİ daha çox Ermənistan mövqeyindən çıxış edirdi ki, bu da Bakı–Brüssel münasibətlərində müəyyən gərginliklərə yol açmışdı. Digər tərəfdən, Avropa İttifaqının əvvəlki rəhbərliyində, xüsusilə xarici siyasət üzrə komissar Cozef Borrel timsalında erməni lobbisinin təsiri altında olan siyasətçilərin mövcudluğu münasibətlərə mənfi təsir göstərirdi. Elə bu səbəbdən də Aİ-nin aparıcı üzvlərindən biri olan Fransa ermənipərəst mövqeyinə görə Bakının etirazlarından sonra prosesdən kənarda qaldı”.
Asif Nərimanlı qeyd edib ki, hazırda Avropa İttifaqını narahat edən əsas faktor, Rusiyanın dəhlizdə iştirakı məsələsi artıq gündəmdən çıxıb:
“Artıq Vaşinqton anlaşması mövcuddur və burada dəhlizə ABŞ-nin nəzarəti məsələsi ön plana çıxır. Avropa İttifaqı da istərdi ki, müəyyən formada bu prosesdə rol alsın. Lakin Aİ-nin istədiyi kimi, dəhlizin yalnız ‘maneəsiz keçid’ formatında açılması reallıqda mümkün olmadı. Vaşinqton anlaşması bu mövzuları arxa plana keçirdi və Aİ üçün təhlükə kimi dəyərləndirilən məsələlər faktiki olaraq aradan qalxdı”.
Politoloq hesab edir ki, mövcud şərtlər Avropa İttifaqını Zəngəzur dəhlizinin istifadəyə verilməsində daha maraqlı tərəfə çevirir:
“Əgər Avropa İttifaqı bundan sonra Azərbaycana qarşı yanlış siyasət yürütməzsə, Bakı hər zaman əməkdaşlığa açıqdır. Aİ Zəngəzur dəhlizi də daxil olmaqla regionun logistika imkanlarından yararlana bilər. Burada bütün tərəflər üçün ‘qazan-qazan’ prinsipi mövcuddur. Mövcud reallıqlar onu göstərir ki, Avropa İttifaqı regionun tranzit potensialından istifadə etməkdə maraqlı olacaq”.
//Gülnarə Abasova, Editor.az

